Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək
Bakı, 16 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Milli Kibertəhlükəsizlik Agentliyi informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun qorunması, kibertəhlükələrin idarə olunması, bu sahədə fəaliyyətin koordinasiyası və maarifləndirmə tədbirlərinin həyata keçirilməsini vahid institusional mexanizm əsasında təmin edəcək.
Bu barədə AZƏRTAC-a AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib. Alim qeyd edib ki, son illər ölkədə kibertəhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasəti ardıcıl və sistemli xarakter alıb. 2023–2027-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası rəqəmsal mühitin dayanıqlılığının təmin edilməsində mühüm rol oynayır.
R.Əliquliyev bildirib ki, hazırda ölkənin bütün kritik sistemləri rəqəmsal platformalar üzərində fəaliyyət göstərir və bu amil kibertəhlükəsizliyi milli təhlükəsizlik baxımından strateji prioritetə çevirir. Müvafiq dövlət qurumları tərəfindən rəqəmsal dövlətin arxitekturasının əsas dayaqlarından biri olan kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Akademik Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılmasını ölkənin kibertəhlükəsizlik sisteminin daha da gücləndirilməsi, vahid idarəetmə mexanizminin formalaşdırılması və rəqəmsal dayanıqlılığın artırılması baxımından mühüm addım kimi qiymətləndirib.