Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində işləri davam etdirir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 17 iyun 2026-cı il tarixindən Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov küçələrində diametri 1400 mm, uzunluğu 3296 metr olan kanalizasiya xəttinin tikintisi işlərinə başlanılacaq.
İşlərin ilin sonuna qədər davam etdiriləcəyi nəzərdə tutulub. Tikinti mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.