CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır
Bakı, 16 iyun, AZƏRTAC
Regional əməkdaşlıq enerji sektorunun inkişafı, şəbəkələrin inteqrasiyası və yeni texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Azərbaycanın yaşıl keçidinin sürətləndirilməsi: Bərpaolunan enerji investisiya üçün cəlbedici imkan kimi” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın timsalında regional əməkdaşlıq daha geniş enerji bazarlarının formalaşdırılmasına, elektrik şəbəkələrinin inteqrasiyasına və texnoloji innovasiyaların sürətləndirilməsinə xidmət edir.
“Mərkəzin yerləşdirilməsi ilə bağlı təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb və ölkə beynəlxalq müsabiqə əsasında ev sahibi kimi seçilib. Azərbaycan hökumətinin bu istiqamətdə nümayiş etdirdiyi siyasi iradə ideyaların real layihələrə çevrilməsinə mühüm töhfə verir”, - deyə o əlavə edib.
Foto - İlkin Cavanşirov