Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib
Bakı, 16 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri” adlı yeni layihəyə start verilib.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, layihə əlilliyi olan uşaqların valideynləri olan və müxtəlif sahələrdə uğur qazanmış şəxslərin təcrübələrini bu kateqoriyadan olan digər valideynlərlə bölüşmək məqsədi daşıyır. Motivasiya görüşləri vasitəsilə valideynlərin ruhlandırılması, onların motivasiyasının artırılması və müsbət təcrübələrin paylaşılması nəzərdə tutulub.
Layihənin ilk qonağı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üzrə ailə məsləhətçisi, pedaqoq və yazar Nailə Həsənzadə olub. O, autizmli uşaqlar üçün hazırlanmış ilk adaptiv mütaliə vəsaiti olan “Mustafanın lupası” kitabının, həmçinin sosial bacarıqların inkişafına yönəlmiş “Hop-hop və Naz-Naz” hekayəsinin müəllifidir.
Autizmli övladı olan Nailə Həsənzadə görüşdə övladı ilə birlikdə keçdiyi həyat yolundan, qazandığı təcrübələrdən və qarşılaşdığı çətinliklərdən bəhs edib. O, valideynlərin övladlarının inkişafında mühüm rol oynadığını vurğulayıb, iştirakçıların suallarını cavablandırıb və tövsiyələrini bölüşüb.
Sosial Xidmət mərkəzlərinin xidmətlərindən yararlanan və həssas kateqoriyadan olan uşaqların valideynləri üçün mütəmadi keçirilməsi nəzərdə tutulan bu kimi görüşlər valideynlik bacarıqlarının artırılmasını, onlara övladlarının inkişaf prosesində daha fəal iştirak etməyə dəstək olmağı hədəfləyir.