Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur
Bakı, 16 iyun, AZƏRTAC
Çərşənbə axşamı aparılan araşdırmalar göstərib ki, alimlər iqlim dəyişikliyindən sağ çıxa və bərpaolunan təxminən 166 min kvadratkilometr mərcan rifləri müəyyən ediblər ki, bu da əvvəllər təxmin ediləndən üç dəfə çoxdur.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, dünyanın bütün dəniz həyatının dörddəbirini təmin edən mərcan rifləri şiddətli tropik fırtınalar, çirklənmə və okean temperaturunun yüksəlməsinin yaratdığı kütləvi “ağartma” hadisələri nəticəsində ciddi stres altındadır və bəzi alimlər onların geridönməz azalma ilə üzləşdikləri barədə xəbərdarlıq edirlər.
Lakin 45 minə yaxın mərcan rifi tədqiqatının onilliklər ərzində iqlim və okean məlumatlarına əsaslanan təhlili Karib dənizinin, Sakit və Atlantik okeanlarının əvvəllər tanınmayan hissələri də daxil olmaqla 71 ölkə və 100 ərazidə iqlimə davamlı riflər müəyyən edib. “Mərcan rifləri çox vaxt xilas olmaqdan kənar ekosistemlər kimi təqdim olunur”, - deyə hesabatın müəlliflərindən biri və Vəhşi Təbiəti Qoruma Cəmiyyətinin (WCS) mərcan rifləri üzrə mühafizəsi direktoru Emili Darlinq bildirib. O əlavə edib: “Bu tədqiqat ehtimalların əksini göstərir: ümidin harada olduğunu bilirik və indi ehtiyac duyduğumuz şey siyasi iradədir”.
Ölkələr hazırda onilliyin sonuna qədər quru və dəniz mühitlərinin 30 faizini rəsmi qoruma altına almaq məqsədi daşıyan fəaliyyət planları hazırlayır ki, bu da “30-a 30” kimi tanınır və yeni tədqiqat hökumətlərə planlaşdırma prosesində mərcan riflərinin yerini nəzərə almağa imkan verəcək.
“Riflərin cəmi 28 faizi hazırda qorunan və mühafizə olunan ərazilərdə yerləşir, ona görə də yaranan fürsət aydındır və təcililik də vacibdir, xüsusən də qarşıdan gələn super El-Nino hadisəsi ilə qarşılaşdığımız bir vaxtda müvafiq addımlar atılmalıdır”, - deyə Darlinq brifinqdə bildirib.
WCS-in Qlobal Dəniz Proqramının həmmüəllifi və icraçı direktoru Steysi Yupiter isə bildirib ki, məlumatlar hökumətlərə məhdud vəsaitlərin hara yerləşdiriləcəyinə qərar vermək üçün lazımi məlumatları verə və daha davamlı riflərin məhv olmasının qarşısını ala bilər. O əlavə edib: “Müəyyən hallarda, riflər ekosistem funksiyası üçün müəyyən meyarlardan aşağı olduqda, biz həmin yerləri tərk etməli ola bilərik”.