Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək
Bakı, 16 iyun, AZƏRTAC
Bakıda keçirilən forum çərçivəsində yaranan ideyalar və qurulan əlaqələr gələcəkdə real əməkdaşlıq layihələrinə, birgə təşəbbüslərə və qlobal halal ekosisteminin inkişafına töhfə verəcək mühüm imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) yekun sessiyasında çıxışı zamanı deyib.
“Forum çərçivəsində biz qlobal halal sənayesinin gələcəyi, inkişaf edən imkanlar, dəyər zəncirlərində yaranan yeni istiqamətlər, innovativ həllər, biznes imkanları və investisiya perspektivləri ilə bağlı geniş fikir mübadiləsi apardıq. Forum boyunca əsas diqqət çəkən mövzulardan biri etimad, inklüzivlik və dayanıqlılığın əhəmiyyəti oldu. Bu prinsiplər yalnız halal iqtisadiyyatın əsas dəyərləri deyil, həm də bir-biri ilə sıx əlaqəli olan müasir dünyada rəqabətqabiliyyətli və gələcəyə hazır iqtisadiyyatların qurulması üçün vacib amillərdir. Biz, həmçinin mikro, kiçik və orta müəssisələrin innovasiyaların və iqtisadi şaxələndirmənin əsas hərəkətverici qüvvəsi kimi artan rolunu müzakirə etdik. Onların qlobal halal dəyər zəncirlərinə inteqrasiyası yeni imkanların yaradılması, məşğulluğun artırılması və üzv ölkələrimizdə inklüziv inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Müzakirələr və təcrübə mübadiləsi ilə yanaşı, bu forumun ən böyük nailiyyətlərindən biri də tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi oldu. KOBİA komandası adından İslam İnkişaf Bankı Qrupuna bu mühüm platformanın yaradılmasına və belə bir əməkdaşlıq imkanının təmin edilməsinə görə dərin təşəkkürümü bildirirəm. Gəlin bu mühüm dialoqu davam etdirək və bugünkü müzakirələri bizneslərimiz, iqtisadiyyatlarımız və cəmiyyətlərimiz üçün uzunmüddətli dəyər yaradacaq konkret fəaliyyətlərə çevirək”, - deyə Orxan Məmmədov bildirib.
Fotoqraf - İlkin Cavanşirov