Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib
Bakı, 18 iyun, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycan və Macarıstan arasında əlaqələrin, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri müzakirə olunub.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) arasında ikili diplom proqramı ilə bağlı əməkdaşlıq, bu proqram çərçivəsində Azərbaycanda hər iki ali təhsil müəssisəsinin bazasında Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələsinə də toxunulub.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.