AFFA rəsmisi: ABŞ, Kanada və Meksikadakı isti hava şəraiti oyunçulara əlavə yük yaradır
Bakı, 18 iyun, AZƏRTAC
Dünya çempionatının final mərhələsində 48 komandanın iştirakı mənə görə çoxdur. Əvvəlki 32 komandalı format daha optimal idi. Bununla belə, iştirakçı sayının artırılmasının həm futbolun inkişafı, həm də maliyyə baxımından müəyyən səbəbləri var.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov dünya çempionatının gedişini dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis mundialların həmişə futbolun inkişaf istiqamətlərini nümayiş etdirdiyini bildirib.
“Əvvəllər dünya çempionatlarını izləyərkən futbolun hansı istiqamətdə inkişaf etdiyini görürdük. Müxtəlif dövrlərdə fərqli oyun sistemləri tətbiq olunub və hər mundial bu baxımdan yeniliklərlə yadda qalıb. Hazırkı turnirdə isə sürətin həlledici amilə çevrildiyi aydın görünür. Müasir futbolda sürətli və driblinq bacarığı yüksək olan cinah oyunçuları xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, güclü orta xətt də vacibdir. Orta xətt komandanın beynidir. Oyunun tempini müəyyənləşdirən, sürəti artıran və ya azaldan məhz həmin futbolçulardır. Bu cür futbol oynamaq üçün isə yüksək fiziki hazırlıq tələb olunur”, - deyə Ağasəlim Mircavadov qeyd edib.
A.Mircavadov mundialın keçirildiyi ölkələrdəki hava şəraitinin və meydançaların vəziyyətinin də futbolçular üçün müəyyən çətinliklər yaratdığını vurğulayıb: “ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında isti hava şəraiti oyunçulara əlavə yük yaradır. Meydançaların vəziyyəti ilə bağlı da müxtəlif fikirlər səsləndirilir. Oyunun gedişində və fasilələr zamanı meydançaların tez-tez sulanması bunun göstəricilərindən biridir. İsti hava səbəbindən örtük tez quruyur ki, bu da futbolçuların işini çətinləşdirir. Bununla belə, şərtlər bütün komandalar üçün eynidir. Ona görə də uğur qazanmaq istəyən kollektivlər meydanda öz üstünlüklərini nümayiş etdirməlidirlər”.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.