Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq
Bakı, 18 iyun, AZƏRTAC
Qlobal neft tələbatının qarşıdakı illərdə artmağa davam edəcəyi və 2030-cu ildə gündəlik 113,3 milyon barelə, 2050-ci ildə isə sutkada 124,1 milyon barelə çatacağı proqnozlaşdırılır. Bu, 2025-ci ildəki göstərici ilə müqayisədə təxminən 19 milyon barel çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında deyilir.
Bildirilir ki, tələbat artımının hamısının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdən gələcəyi gözlənilsə də, böyüməyə ən böyük töhfənin Hindistan və digər Asiya ölkələri, Yaxın Şərq, Afrika və Latın Amerikasından olacağı proqnozlaşdırılır.
Hindistanın 2025-2050-ci illər arasında gündə əlavə 8,1 milyon barel tələbatla uzunmüddətli neft tələbatı artımına ən böyük töhfə verən ölkə olacağı proqnozlaşdırılır. Eyni dövrdə digər Asiya ölkələrində, Yaxın Şərqdə və Afrikada da güclü tələbat artımı gözlənilir, Çində isə artımın daha məhdud qalacağı gözlənilir. Sektor baxımından, yol nəqliyyatı, neft-kimya və aviasiyanın 2050-ci ilə qədər neft istehlakının artmasının əsas mənbələri olacağı gözlənilir.