Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika qitəsinin səkkiz ölkəsini birləşdirən Hökumətlərarası İnkişaf Təşkilatının (IGAD) icraçı direktoru Vorkneh Gebeyehu Negevo ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında ikitərəfli və beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və institusional mexanizmlərin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan və IGAD arasında siyasi, iqtisadi, təhsil, səhiyyə, iqlim, ictimai xidmət, nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.