“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub
Bakı, 18 iyun, AZƏRTAC
Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı keçirilir. Festival çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Qərbi Azərbaycan mövzusunun xalqımızın tarixi yaddaşında, milli kimliyinin formalaşmasında və mədəni-mənəvi irsinin qorunmasında mühüm yer tutduğunu vurğulayıb. O, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına və soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və sülh yolu ilə qayıdış hüququnun müdafiəsinə xidmət etdiyini qeyd edib.
Çıxışda, həmçinin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi və təbliğinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi diqqətə çatdırılıb.
Daha sonra Prezident Kitabxanası tərəfindən hazırlanmış “Qərbi Azərbaycan” adlı irihəcmli elektron layihənin təqdimatı keçirilib. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış elektron resurs geniş beynəlxalq auditoriya üçün nəzərdə tutulub və zəngin arxiv materiallarına, tarixi sənədlərə, xəritələrə və digər etibarlı mənbələrə əsaslanır.
Layihədə Qərbi Azərbaycanın çoxəsrlik tarixi, azərbaycanlıların tarixi torpaqlarından mərhələlərlə deportasiyası, tarixi Azərbaycan toponimlərinin məqsədyönlü şəkildə dəyişdirilməsi siyasəti, habelə tarixi-memarlıq və mədəni irs nümunələrinə qarşı törədilmiş vandalizm faktları əhatəli şəkildə təqdim olunur.
Elektron resursda maddi-mədəni irs nümunələri, mühüm tarixi sənədlər, xəritələr, görkəmli şəxsiyyətlər haqqında məlumatlar, həmçinin yüzlərlə elmi araşdırmanı özündə birləşdirən “E-Kitabxana”, biblioqrafiya, fotoqalereya və filmoqrafiya bölmələri yer alır.
Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan bu elektron resurs Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin elmi əsaslarla öyrənilməsi, sistemləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Layihə mövzu üzrə etibarlı rəqəmsal informasiya bazası olmaqla yanaşı, tədqiqatçılar, mütəxəssislər və geniş oxucu auditoriyası üçün dəyərli mənbə rolunu oynayır.
“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı iyunun 19-dək davam edəcək.