“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 12-14-də Gənclər və İdman Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, düşərgə çərçivəsində iştirakçılara “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev “Kommunikasiya və ictimai çıxış”, təlimçi Cəsur Mədətzadə komanda quruculuğu, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov innovasiya və süni intellekt və təlimçi Raul Abbaszadə tərəfindən “Qərbi Azərbaycan – Qayıdış Konsepsiyasının müddəaları” mövzularında təlimlər keçiblər.
Düşərgədə, həmçinin Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli film nümayiş olunub və “ASAN Könüllüləri” Təşkilatının əməkdaşı Leyla Babaşova tərəfindən ərazi üzrə “Xəzinə” intellektual oyunu keçirilib. Düşərgənin sonunda bağlanış mərasimi keçirilib, iştirakçılar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, düşərgənin əsas məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları və Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, onların proqraməsaslı fəaliyyətə cəlb olunması, eyni zamanda, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında sistemli şəkildə təbliğində gənclərin fəallığının təşviq edilməsi olub.