Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH
Bakı, 18 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunun, formalaşdırdığı yeni reallıqların və gələcək inkişaf strategiyasının konseptual təqdimatı kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısının çıxışında həm Azərbaycanın əldə etdiyi uğurların hesabat xarakterli təhlili, həm də ölkənin perspektiv inkişaf gündəliyi ilə bağlı mühüm strateji mesajlar yer alıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolu, bu inkişafın yaratdığı yeni reallıqlar və həmin reallıqların ölkənin gələcək inkişafı üçün formalaşdırdığı şərtlər geniş şəkildə öz əksini tapıb. Dövlətimizin başçısı Azərbaycanın neft ixracatçısı kimi rolundan bəhs etməklə kifayətlənməyib, daha çox gələcəyin Azərbaycanının hansı iqtisadi əsaslar üzərində qurulacağını diqqətə çatdırıb. Bu yanaşma strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki karbohidrogen ehtiyatları tükənən resurslardır və Azərbaycan həmin resurslardan əldə etdiyi imkanları gələcəkdə tükənməyən strateji üstünlüklərə çevirmək istiqamətində məqsədyönlü siyasət həyata keçirib. Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirləri ölkənin iqtisadiyyatının şaxələndirilməsinə, beynəlxalq kommunikasiya layihələrinin reallaşdırılmasına və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsinə yönəldib. Bu strategiyanın əsas nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır.
“Uzun illər ərzində həyata keçirilən nəqliyyat və logistika layihələri Azərbaycanın strateji mövqeyini daha da gücləndirib. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanın dənizə birbaşa çıxışının olmaması ölkənin imkanlarını məhdudlaşdırmayıb. Əksinə, həyata keçirilən kommunikasiya layihələri bu coğrafi xüsusiyyəti strateji üstünlüyə çevirib və yeni, dayanıqlı iqtisadi modelin formalaşmasına zəmin yaradıb. Bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas tranzit ölkələrdən birinə çevrilib. Formalaşdırılan yeni nəqliyyat-kommunikasiya marşrutları ölkənin geostrateji mövqeyini daha da möhkəmləndirib və Azərbaycanın regional, eləcə də qlobal iqtisadi inteqrasiyaya töhfə vermək imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri də Azərbaycanın beynəlxalq münasibətlər sisteminə təqdim etdiyi yeni sülh modeli olub. Dövlət başçısı regionda formalaşdırılan yeni reallıqlar fonunda Azərbaycanın sülh təşəbbüslərinin və əməkdaşlıq siyasətinin Cənubi Qafqazın gələcək inkişafı üçün əsas platformaya çevrildiyini nümayiş etdirdi. Azərbaycanın regionda diktə edən siyasi mövqeyi artıq yeni inteqrasiya şərtlərinin formalaşmasına imkan yaradır. Prezidentin vurğuladığı kimi, bu inteqrasiya modeli ümumi rifahın təmin edilməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regionun uzunmüddətli inkişafına xidmət edir. Cəmi bir neçə gün əvvəl Cənubi Qafqazın gələcəyi və regiondan keçən beynəlxalq kommunikasiya xətlərinin taleyi yeni müharibələr fonunda müzakirə olunurdusa, bu gün Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar regionun gələcəyinin sülh, inteqrasiya və inkişaf üzərində qurulacağına dair ciddi ümidlər formalaşdırıb”, - deyə Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın tarixi Zəfəri və ölkənin sülh naminə apardığı mübarizə yalnız Azərbaycanın milli maraqlarını təmin etməyib, bütövlükdə region üçün yeni sülh gündəliyi yaradıb. Məhz buna görə də Prezident İlham Əliyevin bu məsələləri xüsusi vurğulaması beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm siyasi mesajdır. Prezident İlham Əliyevin çıxışında verilən əsas mesaj ondan ibarətdir ki, uzunmüddətli perspektivdə Cənubi Qafqazın siyasi və iqtisadi gündəmini artıq qarşıdurma deyil, sülh, əməkdaşlıq, qarşılıqlı inteqrasiya və dayanıqlı inkişaf müəyyən edəcək.
Müxbir- Səbinə Əlizadə