AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb
Bakı, 18 iyun, AZƏRTAC
Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunda (“PSF 2026”) İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) icraçı direktoru İsmail Erşahin ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentlik ilə WAIPA arasında əməkdaşlığın cari vəziyyəti, investisiya təşviqi sahəsində təcrübə mübadiləsi və beynəlxalq platformalarda birgə iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, AZPROMO-nun WAIPA-nın Mərkəzi Asiya üzrə növbəti dəfə regional direktoru seçilməsi agentliyin beynəlxalq investisiya təşviqi şəbəkəsində rolunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tərəflər bir-birini təşkil etdikləri nüfuzlu beynəlxalq tədbirlərdə iştiraka dəvət ediblər. Bu xüsusda WAIPA tərəfindən iyunun 25-də Cenevrədə keçiriləcək investisiya təşviqi üzrə master-klas və 25-26 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2026”) qeyd edilib.
Görüşdə, həmçinin qlobal investorlarla əlaqələrin genişləndirilməsi və “AIIF 2026"nın WAIPA-nın təşkil etdiyi beynəlxalq platformalarda təşviqi imkanları müzakirə edilib.