“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib
Bakı, 18 iyun, AZƏRTAC
Avropa Təbii Elmlər Akademiyasının İrs Mədəniyyət bölməsi və “Sərgi Baku”nun təşkilatçılığı ilə “İstedadın ilk addımları” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, layihənin kuratoru, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Rəssamlar Akademiyasının müxbir üzvü, rəssam Aynur Sakitqızının rəhbərliyi ilə təşkil olunan sərgidə 5–15 yaş aralığında olan uşaqların rəsm əsərləri nümayiş etdirilib.
Sərgi iştirakçılara və qonaqlara balaca rəssamların dünyaya baxışını, yaradıcılıq potensialını və incəsənətə olan marağını yaxından izləmək imkanı yaradıb.
Tədbirin açılışında çıxış edən Aynur Sakitqızı bildirib ki, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi onların gələcək uğurlarının təməlini formalaşdırır.
"Uşaqların çəkdiyi hər bir əsər onların düşüncələrinin, hisslərinin və arzularının ifadəsidir. Biz bu sərgi vasitəsilə onların yaradıcılıq yolunda ilk addımlarını daha inamla atmalarına dəstək olmağa çalışırıq”, - deyə o qeyd edib.
Sərginin təşkilinə dəstək verən Avropa Təbii və Tibb Elmləri Akademiyasının akademiki, “İrs” Mədəni Təhsil Mərkəzinin müdiri, yazıçı-professor Solmaz Amanova çıxışında bildirib ki, uşaqlara göstərilən diqqət və qayğı cəmiyyətin gələcəyinə qoyulan ən qiymətli sərmayədir: "Bu gün burada nümayiş olunan əsərlər bir daha sübut edir ki, uşaqlarımız böyük yaradıcılıq potensialına malikdirlər. Onların istedadlarının vaxtında aşkarlanması və dəstəklənməsi gələcəyin uğurlu və yaradıcı nəslinin formalaşmasına xidmət edir".
Sonda iştirakçılar sertifikatlarla təltif olunub, xatirə fotoları çəkdirilib və sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sertifikatlar balaca rəssamların ilk uğurlarının qiymətləndirilməsi və onların gələcək yaradıcılıq fəaliyyətinə stimul verilməsi məqsədi daşıyır.
“İstedadın ilk addımları” sərgisi uşaqların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi və yeni istedadların üzə çıxarılması baxımından yaddaqalan mədəniyyət tədbirlərindən biri kimi dəyərləndirilib.