Xaricdə təhsil üzrə yeni imkanlar sərgi iştirakçılarının diqqətinə çatdırılır
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un təşkilatçılığı ilə keçirilən “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” davam edir.
AZƏRTAC xəbər verir ki, gənclərin beynəlxalq təhsil imkanlarına çıxışını dəstəkləyən “Beynəlxalq Təhsil Mərkəzi” də sərgidə təmsil olunan iştirakçılar sırasındadır.
2017-ci ildən fəaliyyət göstərən Mərkəz gənclərin potensialına uyğun təhsil imkanlarının müəyyənləşdirilməsi, xaricdə təhsil üzrə istiqamətləndirilməsi və onların beynəlxalq akademik mühitə hazırlanması sahəsində xidmət göstərir.
Mərkəz dünyanın 21-dən çox ölkəsində fəaliyyət göstərən 140-dan artıq universitetlə əməkdaşlıq edir. Burada bakalavr, magistratura, doktorantura və təqaüd proqramları da daxil olmaqla 40-dan çox təhsil xidməti təqdim olunur. Mərkəzin dəstəyi ilə indiyədək minlərlə tələbə müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olaraq xaricdə təhsil almaq imkanı qazanıb.
Qeyd edək ki, 4 gün davam edəcək sərgidə qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.
Sərginin keçirilməsində məqsəd Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dəstək verməkdir.