Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır
Bakı, 18 iyun, AZƏRTAC
Uzun illər ərzində investisiyaların təşviqinin uğuru əsasən cəlb olunan kapitalın həcmi və elan edilən layihələrin sayı ilə ölçülürdü. Bu göstəricilər hələ də vacibdir. Lakin bu gün onlar artıq kifayət etmir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Daha çox birbaşa xarici investisiyadan daha yaxşı birbaşa xarici investisiyaya: Davamlı İnkişaf üçün İnvestisiyaların Təşviqi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, yerli potensialı inkişaf etdirən, KOB-ları dəstəkləyən, keyfiyyətli iş yerləri yaradan və dayanıqlı iqtisadi artıma töhfə verən investisiyadır.
“Azərbaycan bu gündəliyin həyata keçirilməsi üçün möhkəm təmələ malikdir. Ölkəmiz siyasi sabitlik, dayanıqlı iqtisadiyyat, əlverişli biznes mühiti, proqnozlaşdırılan hüquqi çərçivə, ixtisaslı işçi qüvvəsi və strateji coğrafi mövqe təklif edir. Bu üstünlüklər beynəlxalq səviyyədə də tanınır. Aparıcı reytinq agentliklərinin son qiymətləndirmələri Azərbaycanın investorlar üçün təhlükəsiz, sabit və cəlbedici məkan olduğunu təsdiqləyir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Şərq-Qərb əlaqələrinin, o cümlədən Orta Dəhlizin inkişafında mühüm rol oynayır. Biz nəqliyyat, logistika və ticarət infrastrukturunu genişləndirməyə, multimodal bağlantıları inkişaf etdirməyə davam edirik. Bu gündəliyin əsas elementlərindən biri də Zəngəzur dəhlizidir. “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) kimi də tanınan bu dəhliz Orta Dəhlizi daha da gücləndirəcək və Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiya-Sakit Okean bazarlarını birləşdirən logistika və tranzit qovşağı rolunu möhkəmləndirəcək. İlkin mərhələdə dəhlizin yükdaşıma qabiliyyətinin 15 milyon ton olacağı qiymətləndirilir. Bu isə istehsal, logistika, anbar təsərrüfatı, emal sənayesi, ticarət xidmətləri və regional dəyər zəncirlərinə investisiyalar üçün mühüm imkanlar yaradır”, - deyə nazir müavini qeyd edib.