AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA prezidenti akademik İsa Həbibbəyli Akademiyanın elmi-tədqiqat müəssisələrində elmi fəaliyyətin müvafiq nominasiyalar üzrə bal sistemi vasitəsilə qiymətləndirilməsini nəzərdə tutan yeni layihə haqqında çıxış edib.
Bu barədə AZƏRTAC-a Akademiyadan məlumat verilib.
AMEA rəhbəri qeyd edib ki, hazırlıq mərhələsində olan bu model Akademiyada sağlam rəqabət mühitinin formalaşmasına, elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə və hər bir alimin əməyinin fərdi və obyektiv şəkildə qiymətləndirilməsinə şərait yaradacaq.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini Mehman Həsənli elmi fəaliyyətin bal sistemi ilə ölçülməsinin əsas istiqamətləri barədə məlumat verərək bildirib ki, qiymətləndirmə sistemi bir sıra meyarlar əsasında qruplaşdırılıb.
Müzakirələr zamanı AMEA-nın vitse-prezidentləri – akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik Gövhər Baxşəliyeva, həmçinin akademik-katib akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, tarix elmləri doktoru Eynulla Mədətli, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova və digər alimlər məsələ ilə bağlı fikirlərini bildiriblər.
Sonda yeni modelin təkmilləşdirilməsinə dair təkliflər irəli sürülüb.