Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır
Moskva, 18 iyun, AZƏRTAC
NATO ölkələri ilə Ermənistan arasında birgə təlim proqramlarının həyata keçirilməsi sistemli xarakter almağa başlayıb və bu, Moskvanın narahatlığına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını dondurduğu şəraitdə belə təlimlərin keçirilməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu cür təlimlər zamanı Rusiya faktiki olaraq ehtimal olunan rəqib kimi nəzərə alınır. M.Zaxarova qeyd edib ki, iki ölkə arasındakı tarixi və mədəni əlaqələri nəzərə alaraq, hadisələrin belə inkişafını yaxın keçmişdə təsəvvür etmək çətin idi.
“İndi isə bu, həmin ölkənin ali rəhbərliyinin Ermənistanın Ukrayna məsələsində Moskvanın müttəfiqi olmadığı barədə bəyanatları ilə uzlaşır. Qərbdə bu siqnalları nəzərə alır, nəticə çıxarır və İrəvanı Rusiya ilə qarşıdurmaya cəlb etməyə başlayırlar”, – deyə o vurğulayıb.
M.Zaxarova həmçinin bildirib ki, bu cür təlimlər Qərb ölkələrinə öz hərbi quruculuq standartlarını tətbiq etməyə, Ermənistana və onun siyasətinə əlavə təsir alətləri əldə etməyə imkan verir. “Qərbin təhlükəsizlik çətirinə bel bağlamaq sadəlövhlük olardı, bu, sadəcə illüziyadan başqa bir şey deyil. Belə manevrlər planlaşdırılarkən regionun digər ölkələrinin, o cümlədən Ermənistanın qonşularının reaksiyası da nəzərə alınmalıdır”, – deyə Rusiya XİN nümayəndəsi əlavə edib.