Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
Berlin, 18 iyun, AZƏRTAC
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) Ebola virusunun yayıldığı Konqo Demokratik Respublikasında (KDR) və Uqandada dəstəyi genişləndirir.
AZƏRTAC xəbər verir ki, qurum bu həftə əlavə ekspertlər göndərərək yerində fəaliyyəti və risk qiymətləndirmə işlərini gücləndirib.
ECDC direktoru Pamela Rendi-Vaqner bildirib ki, təşkilat Ebola epidemiyasına qarşı səmərəli mübarizənin aparılması üçün səyləri artırır.
Toplanan əlavə məlumatlar Avropa üçün risk qiymətləndirmələrinin və tövsiyələrin vaxtında yenilənməsinə imkan verəcək.
İşçi qrupunun tərkibində ECDC və üzv dövlətlərin ekspertləri Konqoda və Uqandada əsas hava limanlarında sərnişinlərin yoxlanılması prosedurlarının icrasını izləyirlər. Bundan əlavə, ECDC ekspertinin də daxil olduğu ikinci Aİ səhiyyə qrupu bu həftə Cənubi Sudana göndərilir. Qrupun məqsədi ölkənin Ebola epidemiyasına qarşı hazırlığını gücləndirmək, xüsusilə risk kommunikasiyası və icma ilə əlaqə sahəsində dəstəyi artırmaqdır.
ECDC epidemiyanın başlanğıcından etibarən Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) ilə əməkdaşlıq çərçivəsində birbaşa dəstək göstərir. İndiyədək üç ekspert rotasiya əsasında bölgəyə göndərilib, daha bir mütəxəssisin isə yaxın günlərdə qoşulması gözlənilir.
Mərkəz, həmçinin milli qurumlar və Aİ nümayəndəlikləri ilə sıx əməkdaşlıq edərək koordinasiyalı cavab tədbirlərini davam etdirir. ECDC-nin yeni qiymətləndirməsinə əsasən, Bundibugyo virusunun səbəb olduğu Ebola xəstəliyinin Avropa İttifaqı və Avropa İqtisadi Zonası ölkələrinə gətirilmə ehtimalı hazırda çox aşağı səviyyədədir.
Elvin Mövsüm