İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
Stokholm, 18 iyun, AZƏRTAC
İsveçin Ətraf Mühitin Mühafizəsi Agentliyinin ilkin məlumatlarına görə, ötən il ölkədə istixana qazı tullantıları əvvəlki ilə nisbətən 3 faiz azalaraq 46,7 milyon ton CO₂ ekvivalenti təşkil edib. Lakin bu göstərici hələ də mövcud hökumətin hakimiyyətə gəldiyi 2022-ci il səviyyəsini üstələyir.
AZƏRTAC xəbər verir ki, ekspertlərin fikrincə, ötən il tullantıların azalması, 2024-cü ildə baş verən və 2010-cu ildən bəri ən yüksək göstərici olan 7 faizlik kəskin artımın yerini doldurmayıb.
Agentliyin qiymətləndirməsinə görə, İsveç getdikcə Avropa İttifaqı qarşısındakı iqlim öhdəliklərindən uzaqlaşır. Aİ-nin 2030-cu il hədəfinə nail olunması üzrə defisit 13,1 milyon ton tullantıya çatıb.
İqlim naziri Romina Purmohtari bildirib ki, İsveç doğru istiqamətdə hərəkət edir və o, emissiyaların daha da azaldılmasını nüvə enerjisinin inkişafı ilə əlaqələndirib. Lakin, agentlik nümayəndələri bu qiymətləndirmə ilə razılaşmayaraq iqlim hədəfləri arasındakı fərqin artmağa davam etdiyini vurğulayırlar.
Onların fikrincə, vəziyyətin pisləşməsinin əsas səbəbləri bioyanacaqdan istifadə tələblərinin azaldılması və yanacaq vergilərinin azaldılması olub. İqlim Siyasi Şurası bundan əvvəl xəbərdarlıq etmişdi ki, öhdəliklərin yerinə yetirilməməsi İsveçə 40 milyard krona (təxminən 4,2 milyard dollar) qədər Aİ cərimələrinə başa gələ bilər.
Müxalifət partiyaları hökumətin siyasətini kəskin tənqid edərək, onu qısamüddətli populyarlığı iqlim məsuliyyətindən üstün tutmaqda ittiham ediblər.
Yaşıllar Partiyası və Mərkəzçi Partiyasının nümayəndələri hesab edirlər ki, son illər ölkənin iqlim siyasəti üçün itirilmiş vaxt olub.
Bu il tullantıların 2022-ci il səviyyəsindən aşağı düşə biləcəyi proqnozlarına baxmayaraq, tənqidçilər, xüsusən də benzin və dizel yanacağına mövcud vergi güzəştləri saxlanılarsa, belə bir ssenarinin mümkünlüyünə şübhə ilə yanaşırlar.
Hökumətə qarşı tənqidlərin artmasına iqlim naziri Romina Purmohtarinin əvvəlki bəyanatları da səbəb olub. Belə ki, nazir daha əvvəl İsveçin iqlim hədəflərindən uzaqlaşacağı və tullantıların artacağı təqdirdə istefa verəcəyinə söz vermişdi. Yeni rəsmi məlumatlar dərc olunduqdan sonra jurnalistlər nazirə bu vədini xatırlatsalar da, hələlik heç bir cavab ala bilməyiblər.
Nərgiz Cəfərli