İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzsonla ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə İsveç arasında siyasi dialoq, iqtisadiyyat, ticarət, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib. O, səfir Tobias Lorentzsonun fəaliyyət müddəti ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə, həmçinin regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, postmünaqişə dövründə bölgədə bərpa və yenidənqurma işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir ölkəmizdə fəaliyyəti dövründə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.