Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH
Bakı, 18 iyun, AZƏRTAC
Bütün dünyada enerji böhranına səbəb olan ABŞ-İran müharibəsi başa çatdı. Artıq Hörmüz boğazı açılıb və Yaxın Şərqdən dünya bazarına neft ixracı bərpa olunub. Lakin bu müharibə dünya iqtisadiyyatında güclü transformasiyaya səbəb olub. Rusiya-Ukrayna müharibəsi ilə yanaşı Körfəzdə başlanan 2-ci müharibə iqtisadi inkişafa yanaşmanı dəyişib.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
“Bu gün Çin külək turbinləri, Günəş panelləri, enerji batareyaları və enerjinin istismarını təmin etmək üçün proqramların istehsalını artırıb. Bu isə onu deməyə əsas verir ki, Çin müxtəlif dövlətlərdən də sifariş alaraq alternativ enerji istehsalında istifadə olunan avadanlıqların istehsalını genişləndirib. Azərbaycan müasir çağırışlara hər zaman vaxtında cavab verərək dünya trendindən geri qalmır. Alternativ enerji istehsalı qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaranmasına, iqtisadi risklərin və karbon emissiyasının azalmasına səbəb olur. Bu baxımdan Azərbaycanda xarici investisiyaların cəlb edilməsi ilə böyük layihələr həyata keçirilir”, - deyə Z.İbrahimov qeyd edib.
Ekspert vurğulayıb ki, hələ Körfəz müharibəsindən əvvəl-2023-cü ildə “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük Günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib: “Stansiyada hər il 500 milyon kVt-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam edir. Ötən il “ACWA Power” şirkəti ilə dənizdə 1,5 GVt-dək külək layihəsinin həyata keçirilməsinə dair icra müqaviləsi, quruda 1 GVt külək stansiyasının yaradılmasına dair icra müqaviləsi imzalanıb. Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 1000 MVt-dan çox olan yaşıl enerji layihələri ilə bağlı müqavilələr bağlanıb. Eyni zamanda, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq Konsepsiya sənədi hazırlanıb. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Bu texniki potensial 7200 MVt-dan artıq qiymətləndirilib. Eyni zamanda, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu müəyyən edilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. Bütün bunlar gələcəyə yatırılan sərmayədir. Neft və qaz resursları bitdiyi halda Azərbaycan özünün enerji təhlükəsizliyini və siyasi suverenliyini qoruyub saxlaya biləcək”.