Su qıtlığı səbəbindən Yunanıstanın iki adasında fövqəladə vəziyyət elan olunub
Afina, 18 iyun, AZƏRTAC
Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyi yay turizm mövsümünün başlanması ilə kəskinləşən su təchizatı problemini operativ həll etmək üçün Tinos və Alonissos adalarında fövqəladə vəziyyət rejimi tətbiq edib.
AZƏRTAC Yunanıstan mediasına istinadla xəbər verir ki, bu qərar yerli hakimiyyət orqanlarına uzunmüddətli inzibati prosedurları keçmədən mobil duzsuzlaşdırma qurğularının quraşdırılması və yeni su layihələrinin sürətləndirilməsi kimi təxirəsalınmaz tədbirlər görmək imkanı verəcək.
Uzunsürən quraqlıq, iqlim dəyişikliyi və yayda turist sayının kəskin artması adaların su resurslarına ciddi təzyiq yaradır. Ekspertlərin fikrincə, turistlər yerli əhalidən bir neçə dəfə çox su istehlak edirlər. Hazırda problem yalnız Tinos və Alonissosla məhdudlaşmır; Korfu, Karpatos, Leros, Patmos, Astipalea, Simi və Egina kimi məşhur adalarda, həmçinin Afina ətrafındakı əsas su anbarlarında da suyun səviyyəsi rekord həddə düşüb.
Analitiklər bildirirlər ki, bu böhran təkcə Yunanıstanın deyil, iqlim dəyişikliyi və kütləvi turizmlə üz-üzə qalan bütün Aralıq dənizi regionunun ortaq çağırışıdır. Problemin gələcəkdə daha da güclənəcəyini nəzərə alaraq, ölkə yaxın illərdə yeni su anbarlarının tikintisinə, duzsuzlaşdırma texnologiyalarına və suyun səmərəli idarə olunmasına investisiyaları artırmağa məcbur olacaq.