Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar
Bakı, 18 iyun, AZƏRTAC
Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində “Rəqəmsal savadlılıq və insan hüquqlarının qorunması” mövzulu sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Monteneqro Ali Məhkəməsinin hakimi Nerma Dobardzicin moderatorluğu ilə keçirilən sessiyada rəqəmsallaşmanın insan hüquqlarına təsiri, rəqəmsal mühitdə hüquq və azadlıqların müdafiəsi, bu sahədə beynəlxalq təcrübə və ombudsman təsisatlarının üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Sessiyada Türkmənistan ombudsmanı Yazdursun Qurbannazarova, Bosniya və Herseqovinanın ombudsmanı Nevenko Vranyeş, Özbəkistan Respublikası Ali Məclisinin insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müavini Bekzod Nərimanov, Tacikistan ombudsmanının müavini, uşaq hüquqları üzrə ombudsman Niqora Muqimi, Misirin İnsan Hüquqları üzrə Milli Şurasının üzvü Mahi Abdellatif çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda natiqlər öz ölkələrinin təcrübəsini bölüşərək rəqəmsal mühitdə insan hüquqlarının qorunması, rəqəmsal savadlılığın inkişafı və bu sahədə ombudsman institutlarının rolu barədə fikirlərini səsləndiriblər. Sessiya iştirakçıları mövzu ilə bağlı beynəlxalq təcrübə və qarşılıqlı əməkdaşlıq imkanlarını da müzakirə ediblər.