Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub
Şəki, 19 iyun, AZƏRTAC
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunda sərbəst güləş üzrə U15 Avropa çempionatının gümüş mükafatçısı Gülay Xasməmmədova ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Şəki şəhəri üzrə gənclər və idman sektorunun müdiri Ariz Əhmədov idmançını əldə etdiyi uğur münasibətilə təbrik edib, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdiyinə görə ona təşəkkürünü bildirib və gələcək yarışlarda yeni nailiyyətlər arzulayıb.
Qeyd edək ki, Şəki rayonunun Kiçik Dəhnə kəndinin yetirməsi olan Gülay Xasməmmədova 2026-cı il 22–24 may tarixlərində Bolqarıstanın Samokov şəhərində keçirilən sərbəst güləş üzrə U15 Avropa çempionatında 36 kq çəki dərəcəsində II yeri tutaraq gümüş medal qazanıb. Gülay Xasməmmədova həm də güləş üzrə Azərbaycan milli komandasının üzvüdür.
Müxbir – Mustafa Dadaşov