Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə yer alması ölkənin yalnız təhlükəsiz və əlverişli məkan kimi deyil, eyni zamanda, keyfiyyətli ali təhsil imkanları təqdim edən dövlət kimi tanınmasına töhfə verir.
Bunu AZƏRTAC-a müsahibəsində Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli deyib. Onun sözlərinə görə, beynəlxalq universitet reytinqləri xarici tələbələrin ali təhsil müəssisələri ilə bağlı ilkin məlumat əldə etdiyi əsas platformalardan biridir. Azərbaycan universitetlərinin dünya sıralamalarında görünməsi ölkənin ali təhsil sisteminin beynəlxalq akademik məkanda tanınmasını və etibarlılığının artmasını təmin edir.
Ekspert qeyd edib ki, bu amil xüsusilə türk dövlətləri, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrindən olan tələbələrin Azərbaycana marağının artmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, xarici tələbələrin sayının artması təkcə reytinqlərlə bağlı deyil. Tədrisin keyfiyyəti, beynəlxalq proqramların mövcudluğu, xarici tələbələr üçün yaradılan şərait, diplomların tanınması və məzunların karyera imkanları da bu prosesdə həlledici rol oynayır.
Ə.Həsənli bildirib ki, Azərbaycan universitetlərinin dünya reytinqlərində daha yüksək pillələrə yüksəlməsi üçün ilk növbədə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, müasir dövrdə universitetlərin nüfuzu təkcə tədrislə deyil, həm də istehsal etdikləri elmi biliklə ölçülür. Bu baxımdan beynəlxalq elmi jurnallarda nəşrlərin sayının və keyfiyyətinin artırılması, alimlərin tədqiqat imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Təhsil eksperti hesab edir ki, universitetlərin beynəlxalq əməkdaşlıqları daha da genişləndirilməli, xarici professor və tələbələrin cəlb olunması istiqamətində ardıcıl iş aparılmalıdır. O, həmçinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə birgə proqramların və ikili diplom layihələrinin sayının artırılmasının vacibliyini vurğulayıb.
Ə.Həsənli əlavə edib ki, ali təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması da prioritet məsələlərdəndir. Onun fikrincə, universitet yalnız diplom verən müəssisə deyil, rəqabətqabiliyyətli insan kapitalı formalaşdıran mərkəz olmalı, məzunların uğuru, innovasiya və sahibkarlıq mühitinin inkişafı ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir.
“Məqsədimiz təkcə reytinqlərdə yüksəlmək olmamalıdır. Keyfiyyətli təhsil, güclü elm və beynəlxalq əməkdaşlıq istiqamətində sistemli inkişaf təmin olunarsa, reytinqlərdə yüksəliş də təbii nəticə kimi özünü göstərəcək”, - deyə ekspert vurğulayıb.
Müxbir - Lalə Minasazova