Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək
Quba, 16 iyun, AZƏRTAC
Aqrar sahə üzrə yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyasının tətbiqi nəzərdə tutulur. Beynəlxalq kənd təsərrüfatı təcrübələrinə malik sertifikatlar ixrac bazarlarına çıxış üçün mühüm şərtdir. Biz yalnız məhsul istehsal etməməli, həmin məhsulu beynəlxalq bazarların tələb etdiyi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun təqdim etməliyik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qubada jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.
O qeyd edib ki, dünya bazarlarına çıxmaq üçün ilk növbədə sertifikatlaşma tələb olunur. “Biz bilirik ki, bu sertifikatlaşma böyük xərc tələb edir. Buna görə də həmin xərcin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Sahibkarlar sertifikatları əldə etmək istəyəndə bizə müraciət edəcək və bu xərcin bir hissəsi subsidiyalaşdırılacaq. Eyni zamanda, biz AQTA ilə birlikdə çalışırıq ki, hansı bazarlara çıxış əldə edə biləriksə, həmin bazarları araşdıraq. Orada tələb olunan standartları, əlavə tələbləri müəyyənləşdirək və fermerlərimizi maarifləndirək ki, onlar da xarici bazarlara çıxa bilsinlər”, - deyə Seymur Səfərli söyləyib.