“ACWA Power”: Texnologiyaların tətbiqi və insan kapitalının inkişafı enerji keçidində mühüm əhəmiyyət daşıyır
Bakı, 16 iyun, AZƏRTAC
Dayanıqlı inkişaf üçün əlverişli və təmiz enerjiyə çıxışın təmin edilməsi, eyni zamanda, iqtisadi, sosial və ekoloji dayanıqlılığın qorunması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə meneceri Selim Güven İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, təmiz enerji insanların əsas ehtiyaclarının ödənilməsi ilə yanaşı, iqtisadi inkişafın dəstəklənməsində də mühüm rol oynayır.
“Enerji keçidi yalnız iqtisadi məsələlərlə məhdudlaşmır, həm də sosial və ekoloji aspektləri əhatə edir. Bu prosesdə texnologiyaların tətbiqi, insan kapitalının inkişafı, texniki biliklərin artırılması və icmaların ehtiyaclarının nəzərə alınması mühüm əhəmiyyət daşıyır. Dayanıqlı inkişaf layihələrinin həyata keçirilməsində icmalarla əməkdaşlıq, yerli ehtiyacların öyrənilməsi və tərəfdaşlıq platformalarının formalaşdırılması vacib amillərdəndir”, - deyə o qeyd edib.
O, həmçinin beynəlxalq maliyyə institutları və digər tərəfdaşlarla əməkdaşlığın dayanıqlı layihələrin maliyyələşdirilməsinə və onların təsirinin artırılmasına töhfə verdiyini diqqətə çatdırıb.