Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsi olan kənd təsərrüfatı Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 25-də təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” ilə inkişafının innovativ və dinamik mərhələsinə qədəm qoyur. Dövlətimizin başçısının rəhbərliyi ilə keçirilən son müşavirədə aqrar sahədə əldə olunan uğurlar və qarşıda duran vəzifələr geniş təhlil edilib, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda “Böyük Qayıdış” çərçivəsində yaranan yeni imkanlardan danışılıb, strateji hədəflər müəyyənləşdirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkənin ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, su ehtiyatlarının səmərəli idarə olunması və ixrac potensialının artırılması fonunda qarşıda duran prioritet məsələlərlə bağlı AzTV, ARB TV və AZƏRTAC-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

-Cənab nazir, bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatına həsr olunmuş müşavirədə aqrar sahənin cari vəziyyəti ətraflı müzakirə edildi və 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı qəbul olundu. Proqramın təfərrüatlarına keçməzdən əvvəl istərdik aqrar sahədəki ümumi mənzərəyə nəzər salaq. Ötən hesabat ilində Azərbaycanın kənd təsərrüfatı sektorunda hansı nəticələr əldə edilib?

-2025-ci il Azərbaycanın kənd təsərrüfatı üçün özünəməxsus, - həm iqlim təsirləri nöqteyi-nəzərindən, eyni zamanda, məhsul istehsalı və məhsuldarlıq baxımından, - bir il oldu. Bir sıra məhsullar üzrə məhsuldarlıqda rekord həcmlər, bəzi məhsullar üzrə isə azalma qeydə alındı. Ümumilikdə, kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil etdi. Qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik oldu. Məhsul istehsalı aqrar sektorda 14,2 milyard manat təşkil etmişdi. Həmin vəsait isə bitkiçilik və heyvandarlıq arasında təxminən yarıbayarı bölünmüşdü. Bitkiçilik qismən daha az, heyvandarlıq isə daha çox idi. Ümumi daxili məhsulda ümumi artım 1 faizə yaxındır. Heyvandarlıqda bu, daha aşağı - 0,3 faiz, bitkiçilikdə isə 1,5 faiz artım müşahidə olunub. Əlbəttə, son illərdə aqrar sektordakı artımın müsbət olmasına baxmayaraq, dinamika aşağı doğru gedirdi və bu, özlüyündə ekstensiv artımın artıq öz resursunun limitlərinə çatdığını göstərirdi.

Eyni zamanda, 2025-ci ildə pambıqçılıq üzrə ölkə tarixində rekord nəticə əldə olundu: bir hektardan 3,6 ton məhsul yığıldı. Bir çox bitkiçilik məhsulları üzrə məhsuldarlıq göstəriciləri artdı, lakin heyvandarlıq məhsulları üzrə isə göstəricilərimiz hələ də ürəkaçan halda deyil. Buna görə də cənab Prezident tərəfindən 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı qəbul edildi.

Həmçinin ixracat rəqəmlərinə də toxunmaq istəyirəm. 2025-ci il ixracat nöqteyi-nəzərindən aqrar sektor üçün uğurlu il oldu. Rekord həcmdə - 1,5 milyard dollarlıq məhsul ixracı həyata keçirildi. Bunun 1,1 milyard dolları məhz kənd təsərrüfatı sahəsində istehsal olunan məhsulların payına, 0,4 milyardı isə aqrar məhsullardan emal olunmuş yekun məhsulların payına düşür. İxracatda başqa bir müsbət dinamika isə odur ki, biz həm ixracat coğrafiyasının şaxələnməsini, həm də ixracat portfelində, məhsul portfelində genişlənməni müşahidə edirik. Əlbəttə ki, bunlar sevindiricidir. Amma hələ də görüləcək işlər var.

 

-Prezidentin Sərəncamı ilə qəbul edilən yeni Dövlət Proqramında aqrar sektorda inqilabi dəyişikliklərə səbəb olacaq bəndlər yer alır. Qarşıya qoyulan hədəflərdən biri də aqrar sektorun ÜDM-də artım dinamikasını 2 faiz ətrafında saxlamaqdır ki, bunun üçün də konkret mexanizmlər müəyyənləşdirilməlidir. Bu hədəflərə çatmaq üçün hansı resurslardan istifadə olunacaq? Mexanizmlər hansılar olacaq və bu barədə konkret təkliflər varmı?

-Dövlət Proqramı özlüyündə sadəcə həmin sahədə görüləcək işlər demək deyil. Əslində, daha əhatəlidir, həm fundamental, həm də dəstəkləyici tədbirləri ehtiva edir. Dövlət Proqramında Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin 2026−2030-cu illər üçün inkişafının əsasları qeyd olunub. Proqramın əsas hədəfi fundamental transformasiyaya nail olmaqdır. Ekstensiv istehsalatdan, ekstensiv məhsul istehsalından intensiv məhsul istehsalına keçidi formalaşdırmaqdır.

Bitkiçilik sahəsində son illərdə bu istiqamətdə uğurlarımız olsa da, heyvandarlıq sahəsində təəssüf ki, intensiv təsərrüfatlar mövcuddur. Lakin onların sayı yetərincə olmadığına görə Dövlət Proqramında bu da nəzərə alınıb.

Ümumilikdə, resurs nöqteyi-nəzərindən proqramın dörd əsas sütun üzərində həyata keçirilməsi planlaşdırılır. İlk növbədə, resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatının formalaşdırılması planlaşdırılır. İkincisi isə texnologiyaya və innovasiyaya əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Eyni zamanda, resurs səmərəliliyi, texnologiya və innovasiya, bazarlara və dəyər zənciri üzrə inteqrasiyaya, həmçinin emal sənayesinin inkişafına və məhsul istehsalının artımına nail olmaq nəzərdə tutulur.

Burada tətbiq edəcəyimiz mexanizmlər müxtəlifdir. İndiyə kimi mövcud olan bəzi mexanizmlər qorunub saxlanacaq. Həm subsidiyalar, həm güzəştlər, eyni zamanda, daha güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmçinin yeni subsidiya alətlərinin təqdim olunması da planlaşdırılır. Dövlət Proqramında fundamental tədbirlər kimi dəstəkləyici tədbirlər də var. Bunlar özündə, ilk növbədə, nazirliyin fəaliyyəti ilə bağlı institusional islahatları, qanunvericilik təşəbbüslərini ehtiva edir, həmçinin rəqəmsallaşmanın, süni intellektin tətbiqi də nəzərdə tutulur.

Bu baxımdan qanunvericilik təşəbbüslərini xüsusi qeyd etmək istərdim. Çünki Azərbaycanda ilk dəfə aqrar sahə haqqında qanun hazırlanır. Bir sıra digər qanun təşəbbüsləri də olacaq. Hətta cənab Prezident tərəfindən imzalanmış 759 və 413 nömrəli fərmanlara dəyişiklikləri də qeyd etmək istərdim. Bu dəyişikliklər nəticəsində artıq Azərbaycanda heyvandarlıq istiqamətli subsidiyanın verilməsi mümkün olacaq, eyni zamanda, bağçılıq istiqamətli ilin ilkin investisiya subsidiyalarının verilməsi nəzərdə tutulur. Balıqçılıq və akvakultura məhsulları üzrə həm avadanlıqlara güzəştlərin verilməsi, həm məhsul subsidiyasının verilməsi nəzərdə tutulur. Çoxdan gözlənilən heyvandarlıq məhsulları üzrə məhsul subsidiyasının verilməsi də bu Fərmanda öz əksini tapıb.

-Cənab nazir, əslində mənim sualım hazırda vurğuladığınız məsələ ilə bağlı idi. Paralel olaraq aqrar kredit güzəştlərinin daha geniş sahələrə tətbiqi ilə bağlı planlar nədən ibarətdir? Subsidiyaların verilmə qaydalarında dəyişiklik, yaxud subsidiya verilən məhsulların əhatə dairəsinin genişləndirilməsi gözlənilirmi?

-Subsidiyaya köklü dəyişiklik onun məğzindən ibarətdir. İndiyə kimi subsidiyalar əsasən əkin istiqamətli olub və əsas gözlənti əkinin həyata keçirilməsi, aqrotexniki tədbirlərin görülməsi və məhsul istehsalına nail olunması idi. Lakin yeni Dövlət Proqramına, cənab Prezidentin imzaladığı fərmanlarla edilən dəyişikliklərə və yeni qanunvericilik təşəbbüslərinə əsasən subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi, yəni məhsul istehsalı yönümlü subsidiyaların genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edim ki, əvvəllər sadəcə şəkər çuğunduru, pambıq və tütün üzrə məhsul subsidiyası verilirdi. Əslində, bu məhsul subsidiyalarının illər üzrə məhsuldarlığa necə təsir etdiyini görmüşük. Əgər 2017-2018-ci illərdə ölkə üzrə məhsuldarlıq pambıqda orta hesabla 11 sentner idisə, keçən il 36 sentner oldu. Yəni üç dəfədən çox artım müşahidə etdik. Eləcə də tütündə və şəkər çuğundurunda da eyni misalı göstərə bilərik. Keçən ildən qarğıdalı və günəbaxan tumlarının istehsalında məhsul subsidiyası tətbiq etməyə başlamışıq. Bu ildən meyvəçilikdə alma və nar istehsalı üzrə məhsul subsidiyası verilməsi nəzərdə tutulur. Dövlət Proqramı çərçivəsində məhsul subsidiyasını bitkiçilik sahəsi üzrə ildən-ilə artırmaq niyyətindəyik. Ərzaqlıq buğda subsidiyası var və yeni proqram çərçivəsində bunu da genişləndirməyi düşünürük. Əgər əvvəl subsidiya sadəcə müasir suvarma sistemi qurmuş fermerə tətbiq olunurdusa, yeni Dövlət Proqramı çərçivəsində, həmçinin emal sənayesinə də subsidiya verilməsi nəzərdə tutulur. Bundan əlavə, heyvandarlıq istiqamətində - həm ətlik, həm damazlıq istiqamətində, eyni zamanda, süd məhsulu üzrə də subsidiyanın verilməsi planlaşdırılır.

 

-İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində kənd təsərrüfatının bərpası sürətlə davam edir. Hazırda həmin bölgələrdə aqrar fəaliyyətlərin genişləndirilməsi, yeni infrastrukturun qurulması və yerli əhalinin məşğulluğunun artırılması istiqamətində hansı layihələr icra olunmaqdadır?

-Kənd təsərrüfatı təkcə iqtisadi fəaliyyətə aid deyil, eyni zamanda, sosial sahəyə və regionların inkişafına təsirləri olduqca böyükdür. Statistikaya əsasən, Azərbaycanın bölgələrində və kəndlərində yaşayan əhalinin təxminən 50 faizi kənd təsərrüfatı ilə məşğuldur. Düşünürük ki, azad olunmuş ərazilərə geri qayıdan əhalinin məşğulluq göstəricisinin də bu rəqəmə yaxın olacağı gözlənilir.

Burada görülən işləri iki mərhələyə ayırmaq istərdim. İlk mərhələ 2020–2025-ci illəri əhatə edir. Bu dövr daha çox infrastrukturun qurulması, şəraitin yaradılması, yeni kənd və şəhərlərin salınması, eləcə də əhali üçün kənd təsərrüfatının təşkili modelinin formalaşdırılması axtarışları ilə xarakterizə olunur. Eyni zamanda, bu dövr ərzində orada müəyyən olunmuş təxminən 180 min hektar əkin ərazisi mövcuddur, 8 min hektara yaxın bağ sahələri, çoxillik əkmələr var. Təəssüf ki, həmin bağların bir qismi yaxşı vəziyyətdə deyildi, bərpası lazımdır, onlar yenidən qurulacaq. Bu əkin sahələrinin bir qismi - 10 min hektara yaxını kütləvi şəkildə mina və partlamamış digər silah-sursatla çirklənmiş sahələrdir. Bunlara xüsusilə də keçmiş təmas xəttində yerləşən ərazilər aiddir. Qalan ərazilərdə isə, əlbəttə ki, intensiv kənd təsərrüfatına hazırlıq işləri görülür.

Sonrakı müddəti isə ikinci mərhələ olaraq qeyd etmək istəyirəm. Belə ki, kəndlərdə yaşayan, geriyə qayıdan əhaliyə 2025-ci ildən etibarən torpaqların təhkim olunması prosesinə başlanıldı. Biz artıq 14 kənddə prosesə başlamışıq. Həmin kəndlərdən doqquzunda işlər başa çatdırılıb və fermerlərlə, əhali ilə müvafiq müqavilələr bağlanılıb. Nümunə kimi bildirim ki, ilk pilot layihəmiz Zəngilanın Ağalı kəndində oldu. Zəngilanın Məmmədbəyli, Xocalının Xanyurdu və Ballıca, Laçının Zabux kəndlərində həyata keçirilib. Xocavəndin Qırmızı Bazar qəsəbəsində hazırda həyata keçirilir. Digər kəndlərdə də əhali köçdükcə kəndətrafı torpaqların parselləndirilərək əkinə hazır vəziyyətə gətirilməsi və fermerlərə təhkim olunması nəzərdə tutulur.

Burada bir məqama toxunmaq istəyirəm ki, fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır. Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir. Ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur. Ağalını misal çəkə bilərəm, 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb. Digər bütün kəndlərdə də bu istiqamətdə işlər aparılır.

İkinci istiqamət isə investisiya məqsədlidir, daha çox ərzaq təhlükəsizliyinə hesablanıb. Yəni daha dəyərli məhsul istehsalı istiqamətində torpaqların bu sahədə çalışan peşəkar fiziki və hüquqi şəxslərə — investorlara təhkim olunmasıdır. Bu da cənab Prezidentin Fərmanı çərçivəsində həyata keçirilir, orada təsbit olunub. Biz artıq iki müsabiqə keçirmişik. İlk müsabiqədə investorlarla təxminən 3 min 500 hektara yaxın sahə üçün müqavilə bağlanıb, növbəti beş il ərzində 70 milyon manata yaxın investisiya qoyulması nəzərdə tutulur. İkinci müsabiqədə 13 min hektar sahə müsabiqəyə çıxarılmışdı və həmin müsabiqə bu ilin fevral ayında başa çatdı. Hazırda müqavilələrin bağlanması üçün yekun proseslər həyata keçirilir. Müqavilə çərçivəsində növbəti beş il ərzində 100 milyon manatdan çox investisiyanın qoyulması nəzərdə tutulur. Burada müxtəlif istiqamətli torpaq təhkimləri həyata keçirilir. Bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq, istixana, gülçülük, aqroturizm istiqamətli layihələr təqdim olunur və komissiya tərəfindən baxılaraq qaliblər elan edilir. Qeyd edim ki, hazırda üçüncü və dördüncü investisiya müsabiqələri elan olunub və onların sənəd qəbulu həyata keçirilir.

-Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının inkişafına mane olan 2 amili diqqətə çatdırdı. Bunlardan biri dünyada gedən proseslər, münaqişə və müharibələr, digəri isə urbanizasiya problemidir. Azərbaycan bu problemlərin təsirinə nə dərəcədə məruz qalır və çıxış yolları kimi nələri göstərmək olar?

-Çox vacib məqamlara toxundunuz. Cənab Prezident müşavirədə bu iki məqama xüsusilə toxundu, hətta əhaliyə kəndə marağın artması və şəhərdən kəndə köçməklə bağlı çağırış etdi.

Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş bir ölkə olduğundan, əlbəttə ki, bu amillərdən və bu təsirlərdən kənarda qalmır. İlk növbədə, regionda və dünyada gedən münaqişələrin təsiri var. Münaqişələr nəticəsində logistik zəncirlərin qırıldığını görürük və logistik zəncirlərin, təchizat zəncirinin qırılması istehsal vasitələrinin çatdırılmasında çətinliklər yaradır. Bu da öz növbəsində istehsal vasitələrinin qiymət artımına gətirib çıxarır və nəticədə kənd təsərrüfatına öz mənfi təsirini göstərir.

Yeni Dövlət Proqramında nəzərdə tutulan dəstək paketi özlüyündə çox böyük bir məbləği ehtiva edir. Növbəti beş il ərzində Azərbaycan dövləti tərəfindən əlavə 2,2 milyard manatlıq dəstək paketi nəzərdə tutulur. Mən 2020–2025-ci illərin subsidiya statistikasına və məhz bu istehsal vasitələrinin təsirinə toxunmaq istəyirəm. Əgər 2020-ci ildə kənd təsərrüfatı üzrə 380 milyon manat nominal dəyərdə subsidiya və güzəştlər verilmişdisə, 2025-ci ildə bu, 510 milyon manat təşkil etdi. Nominal ifadədə 33-35 faizlik artım görürük. Amma real ifadədə, - məhz istehsal vasitələrinin bahalaşması səbəbindən, - bu artımı biz görmürük. Ona görə də yeni paketin elan olunması məhz bu gün göstərilən dəstəkdən əlavə olaraq nəzərdə tutulur. Bu, müəyyən mənada həmin istehsal vasitələrinin qiymət artımının hiss edilməsinin də qarşısını alacaq və ya burada fermerlər üçün müəyyən üstünlük yaradacaq. Əlbəttə ki, yeni Dövlət Proqramında əsas hədəf məhsuldarlığın artırılmasıdır. Məhsuldarlığın artırılması üçün həm müasir suvarma sistemlərinin, həm gübrə və dərmanların tətbiqi, müasir aqrotexniki tədbirlərin görülməsi mütləq bir şərt olaraq fermerlər qarşısında duracaq və dövlət dəstəyi paketi də özündə bu məqamları nəzərdə tutur.

İkinci vacib məqam urbanizasiya ilə bağlıdır. Qeyd edim ki, əgər 1950-ci illərdə, - səhv etmirəmsə bu, BMT-nin statistikasıdır, - dünya əhalisinin 20 faizi əgər şəhərlərdə yaşayırdısa, 2025-ci ildə bu, artıq 57 faiz idi. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 çərçivəsində qeyd olundu ki, bu artıq BMT tərəfindən daha yuxarı faizlərlə proqnozlaşdırılır və Azərbaycan da bundan kənarda deyil. Burada diqqət etməli olduğumuz məqamlar müxtəlifdir, amma birinci vacib məqam bölgələrdə məşğulluğun, imkanların artırılması, yaradılmasıdır. Bu Dövlət Proqramının özünəməxsusluğu da ondan ibarətdir ki, əgər regionların inkişafı proqramları əvvəllər bölgələrdə infrastrukturun yaradılmasını nəzərdə tuturdusa, bu proqram həm sektoral proqramdır, həm də regionların inkişafına yönəlib. Əlbəttə ki, biz regionlarda həm məşğulluğun artırılmasından, emal sənayesinin genişlənməsindən, istixanaların yaradılmasından danışırıq. İstixanada bir hektar sahədə daha çox insan üçün iş yeri yaradılır. Dövlət Proqramı çərçivəsində bağçılığın inkişafı da nəzərdə tutulur. Bağçılıq bir hektar sahəyə görə birillik əkin, taxıl istehsalı ilə müqayisədə daha çox iş yeri yaradır. Ona görə də bu proqram özlüyündə regionlarda iş yerlərinin yaradılmasına yönəlib. Bu, insanların regionda qalmasına xidmət edəcək. Əlbəttə ki, urbanizasiya qaçılmaz məqamdır və biz bunu dünyaya inteqrasiya olunmuş bir dövlət olaraq yaşayacağıq. Amma bölgələrdə sosial infrastrukturun inkişafı, kommunal infrastrukturun yaradılması, kənd təsərrüfatı sahəsində məşğulluğun artırılması, imkanların genişləndirilməsi, eyni zamanda, sahibkarlar, fermerlər üçün imkanların yaradılması ümid edirəm ki, özlüyündə insanların marağını artıracaq.

Bir məqama da toxunmaq istəyirəm. Bu, Elm və Təhsil Nazirliyi tərəfindən bəzi bölgələrdə yeni ali təhsil ocaqlarının yaradılması təşəbbüsləridir. Əlbəttə ki, bu, çox təqdirəlayiqdir. Çünki o bölgədə gənc insanların daha çox yerləşməsinə, orada təhsil almasına və gələcəkdə yaranan iş imkanları nəticəsində orada qalıb yaşamasına şərait yaranacaq. Bu da özlüyündə kəndlərdə insanların, xüsusilə kənd təsərrüfatında çalışacaq peşəkar insanların sayının artmasına xidmət edəcək.

Bir məqamı da başa düşürük ki, urbanizasiya nəticəsində rayonlarda, kəndlərdə işçi qüvvəsinin azalması prosesi də gedir və bunun da əsas həll yolu kənd təsərrüfatında mexanizmlərin genişlənməsinə nail olmaqdır. Müasir suvarmanın, yeni texnikaların, texnologiyaların tətbiqi, dərmanlama avadanlıqlarının, müxtəlif cihazların və qoşquların tətbiqinin genişləndirilməsi, əlbəttə ki, buradakı şərtlərdən biri olacaq.

 
-Suvarma suyu çatışmazlığı kənd təsərrüfatında əsas problemlərdən biri hesab olunur. Bu sahədə Dövlət Proqramının icrası problemi nə dərəcədə həll edə biləcək?

-Son illərdə dövlət tərəfindən bir sıra iri su layihələri icra olunur. Bunlar su anbarlarının tikintisi, bəzi su kanallarının yenidən qurulması layihələridir. Buna azad olunmuş ərazilərdən misal çəkə bilərik — azad olunmuş ərazilərdə yeni Zabuxçay su anbarı tikildi. Eyni zamanda, Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarları da yenidən bərpa olundu və istifadəyə verildi. Azərbaycanın digər bölgələrində də yeni su anbarlarının inşası davam edir.

Əsas kanallardan biri olan və əvvəllər Yuxarı Şirvan kimi tanınan kanal, - hazırda adı Şirvan kanalıdır, - yenidən qurulur. Bunların hamısı, əlbəttə ki, suyun əsas kanallarda və rezervuarlarda qorunub saxlanmasına və itkinin azaldılmasına xidmət edəcək. Amma, eyni zamanda, anlamalıyıq ki, su itkisinin ciddi bir qismi məhz daha sonrakı şəbəkələrdə və təsərrüfatdaxili sahələrdə olur. Çünki kanalların əksəriyyəti torpaqdır. Məsələn, şırım sulama, klassik selləmə suvarma həyata keçirilir və bu da ciddi həcmdə su itkisinə gətirib çıxarır. Məhz bu məqam nəzərə alınaraq yeni Dövlət Proqramında cənab Prezidentin tapşırığı ilə iki əsas istiqamət mövcuddur. Birinci istiqamət müasir suvarmaların genişləndirilməsidir. Bununla damlama, çiləmə, yağmurlama, pivot suvarma sistemlərinin tətbiqinin ölkədə genişləndirilməsinə nail olmaq nəzərdə tutulur. Qeyd edim ki, 2025-ci ilin sonunadək ölkə üzrə müasir suvarma sistemlərinin tətbiqi ilə suvarılan sahə 130 min hektar təşkil edirdi. Həmin sahənin 2030-cu ildə 300 min hektara çatdırılması cənab Prezident tərəfindən hədəf kimi qarşımıza qoyulub. Bu, ölkə üçün çox vacib və strateji hədəfdir.

Biz görürük ki, müasir suvarmanın tətbiqi ilə məhsuldarlığın artmasına nail olunur. Sadə bir misal çəkim, ərzaqlıq buğda proqramı çərçivəsində müasir suvarma altında orta məhsuldarlıq 2025-ci ildə 5,8 ton təşkil edib. Halbuki selləmə suvarma və ya dəmyə ərazilərdə ölkə üzrə orta məhsuldarlıq 3 tondur. Yəni burada biz taxılda iki dəfə, bəzən üç dəfəyə qədər artım müşahidə edirik. Eyni məqamı meyvəçilikdə, tərəvəzçilikdə də görürük. Misal üçün, Tovuz bölgəsində kartof sahələrində daha çox müasir suvarma tətbiq olunur. Həmin bölgədə əgər əvvəlki illərdə orta məhsuldarlıq 20 ton idisə, müasir suvarma altında olan sahələrdə 60 ton məhsul yığılır. Ona görə də müasir suvarma məhsul istehsalının artımına, suyun qənaətinə, torpağın şoranlaşmasının qarşısını almağa xidmət edir. Bu baxımdan da Dövlət Proqramında bu sahəyə dəstək göstərilməsi nəzərdə tutulur.

Bu dəstək mexanizminə toxunum: əgər əvvəllər 20-40-40 modeli mövcud idisə - həmin müasir suvarma sistemi üçün fermer, investor və ya sahibkar 20 faiz avans ödəyirdi, 40 faiz dövlət tərəfindən subsidiyalaşdırılırdı, 40 faiz isə yenə dövlət tərəfindən beşillik müddətə faizsiz kredit olaraq verilirdi. Yeni proqramda bu format bir az dəyişdirilir və avans ödənişinin fermerlər tərəfindən 10 faiz olması nəzərdə tutulur. 40 faizinin dövlət tərəfindən güzəşt verilməsi, 50 faizinin isə özəl banklar tərəfindən kredit şəklində verilməsi planlaşdırılır. Kredit artıq 5 illik deyil, 10 illik olacaq, bunun ilk beş ilinin faizi isə dövlət tərəfindən ödəniləcək. Yəni burada da avtomatik illik ödənişlər fermer üçün daha uyğun olacaq və biz inanırıq ki, bu da müasir sistemlərin daha geniş tətbiqinə xidmət edəcək. Eyni zamanda, müasir suvarma üçün genişləndiriləcək sahələrin suvarma altında olan ərazilərdən seçilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, artıq orada su təminatı pis və ya yaxşı, hansısa formada var və müasir suvarmanın tətbiqi - orada rezervuarın qazılması, suyun müəyyən mənada hovuzda çökdürülməsi, saxlanması və sonra müasir suvarma ilə sahəyə verilməsi - imkanları olacaq.

Müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı Azərbaycanda ilk dəfə pilot konsolidasiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Həmin layihə iki rayonda — Qəbələ və Salyanda, ümumilikdə 32 kənddə həyata keçiriləcək. Bu, dünyada çox geniş yayılmış bir təcrübədir, Avropa ölkələri bunu artıq bir neçə ildir başa çatdırıblar. Qardaş ölkə Türkiyə bunu son 10-15 ildə intensiv şəkildə tətbiq edir və xeyrini, faydalarını çox görür. Bunun Azərbaycanda ilk dəfə tətbiqi nəzərdə tutulub. Burada artıq həm kadastr xəritələrinin düzəldilməsi, parçalanmış torpaqların birləşdirilməsi, koordinatların dəqiqləşdirilməsi, fermerin torpaq sahələrinin birləşdirilməsi, eyni zamanda, suvarma suyu ilə təminat və qapalı suvarma şəbəkəsinin çəkilməsi də nəzərdə tutulur. Bu, həm ciddi şəkildə su qənaətinə səbəb olacaq, həm də fermer üçün gəliri artırmağa, əlavə dəyər yaradan məhsulların əkininə imkan verəcək. Ümumilikdə isə məhsul istehsalının artımına da xidmət edəcək.

-İctimaiyyəti ən çox düşündürən məsələlərdən biri də ölkənin ərzaq təhlükəsizliyidir. Yerli istehsalın artırılması, məhsul yığımı prosesinin təşkili və məhsuldarlıq göstəricilərinin yüksəldilməsi üçün hansı addımlar atılır? Qarşıda dayanan əsas maneələr nələrdir?

-Kənd təsərrüfatı sektorunun, eləcə də hər bir dövlətin qarşısında, əlbəttə ki, ərzaq təhlükəsizliyi əsas strateji hədəflərdən biri kimi dayanır. Müşavirədə cənab Prezident bu məsələyə də toxundu. Az öncə qeyd etdiyim kimi, regionda və dünyada baş verən hadisələrin fonunda hər bir ölkə üçün ərzaq təhlükəsizliyinin daha da qabarıq, daha da önəmli olduğunu görürük. Azərbaycan da bundan kənarda qalan bir ölkə olmayacaq.

Bir məqama toxunum, - bu, müşavirədə də qeyd olundu, ərzaq təhlükəsizliyinin nə qədər önəmli olduğunu vurğulamaq istəyirəm, - Azərbaycanda əkilən torpaqların təxminən 74 faizi taxıl və yem bitkiləri üçün istifadə olunur. Amma taxıl və yem bitkilərinin aqrar istehsaldakı birgə payı cəmi 11 faizdir. Yəni biz torpaq resursumuzun 74 faizini 11 faiz dəyər yaradan məhsula ayırmışıq. Amma bu, məhz ərzaq təhlükəsizliyinə görədir və hər bir ölkə, hər bir dövlət də bu seçimi, bu qərarı vermək məcburiyyətindədir. Əlbəttə ki, optimal istiqamətlər axtarılır. Bu, Azərbaycanın ərzaq təhlükəsizliyinə nə dərəcədə önəm verdiyini göstərir.

Əlbəttə ki, ərzaq təhlükəsizliyini təmin etmək nöqteyi-nəzərindən bundan sonrakı hədəfimiz, - cənab Prezidentin müşavirədə vurğuladığı tapşırıqlara uyğun olaraq, - bir sıra məhsullar üzrə özünütəminat səviyyəsini yüksəltmək və yerli istehsalın artırılmasına nail olmaqdır. Lakin buna əkin sahələrini genişləndirmək və ya heyvanların sayını artırmaqla deyil, həm heyvandarlıqda (ət və süd), həm də bitkiçilikdə (hər hektara düşən məhsul) məhsuldarlığın yüksəldilməsi sayəsində nail olmaq mümkündür. Bir az öncə danışdığımız müasir suvarma sistemlərinin tətbiqi buna xidmət edəcək amillərdəndir. Bundan əlavə, ərazilərin düzləşdirilməsi üçün lazer malanın tətbiqinin də Dövlət Proqramı çərçivəsində subsidiyalaşdırılması nəzərdə tutulur. Yəni ərzaq təhlükəsizliyinin təmin olunması üçün Dövlət Proqramında xeyli tədbirlər planlaşdırılıb.

Heyvandarlıqla bağlı, təəssüflə bildirim ki, bu gün ölkədə cins heyvanların ümumi baş sayındakı, sürüdəki payı cəmi 2,5 faizdir. Bu 2,5 faiz pay məhsuldarlığı ciddi şəkildə artırmağa imkan vermir. Əsas hədəflərimizdən biri cins heyvanların, damazlıq heyvanların artırılmasına nail olmaqdır.

Məhsul subsidiyasının bir özəlliyinə də toxunmaq istəyirəm. Məhsul subsidiyasının sadəcə istehsala deyil, həmin istehsaldan sənayeyə gətirilən həcminə görə verilməsi də nəzərdə tutulur. Burada əsas məqsədimiz xammalın sənayeyə gəlməsi və əlavə dəyər yaradaraq məhsulların istehsalına nail olmaqdır. Görürük ki, hətta bizim ticarət balansında ciddi həcmdə emal olunmuş ərzaq məhsullarının idxalı var. Bu ərzaq məhsullarının idxalının əvəzlənməsi o halda mümkündür ki, biz həm məhsul istehsalının artımına, eyni zamanda, bu məhsulun sənayeyə gəlib çıxmasına və sənayedə emal olunmasına da nail olaq.

-Buğda istehsalı ərzaq təhlükəsizliyinin ən vacib və strateji elementidir. İndiki 55 faizlik göstəricinin artırılmasına nail olmaq yaxın perspektivdə necə görünür və bunun üçün iqtisadi zəmin varmı?

-Ərzaqlıq buğda ölkə üçün əhəmiyyətlidir. Ötən ilin sonuna olan statistikaya əsasən, özünütəminat səviyyəsi 55 faizdir. Bu rəqəm, cənab Prezidentin qeyd etdiyi kimi, qənaətbəxş deyil və onun artırılmasına nail olmaq lazımdır. Biz, eyni zamanda, anlayırıq ki, Azərbaycanın iqlim şəraiti və ərazi potensialı bunun 100 faizə çatdırılmasını mümkünsüz edir, amma ciddi həcmdə artırılması əsas hədəflərdən biridir.

Qəbul olunmuş Dövlət Proqramı çərçivəsində 2030-cu ildə bu sahədə özünütəminetmə səviyyəsinin 55 faizdən 66 faizə artırılması hədəflənib. Burada bizim atacağımız bir neçə konkret addım var. İlk növbədə, ərzaqlıq buğda proqramı üçün ixtisaslaşmış rayonlar artıq müəyyənləşdirilib. Birinci mərhələdə 22 rayon seçilib və bu rayonlarda müasir suvarmanın tətbiqi nəzərdə tutulur. 2030-cu ildən sonra su təminatı yaxşılaşdırılan əlavə 8 rayonun da bu proqrama qoşulması planlaşdırılır. Birinci addım vurğuladığım kimi, ixtisaslaşmadır. İkinci addım yeni toxumların introduksiyasına və daha məhsuldar, sertifikatlı toxumların istifadəsinə nail olmaqdır. Üçüncü addım, bu əkinlərin müasir suvarma sistemlərinin tətbiqi ilə becərilməsidir. Dördüncü addım isə əkin zamanı aqrotexniki tədbirlərin düzgün görülməsinə nail olmaqdır ki, biz ərzaqlıq buğda istehsalına daha çox sahə ilə deyil, bir hektardan daha çox məhsul götürərək nail ola bilək.

Bu işlərin nəticəsi olaraq, 2030-cu ildəki hədəfimiz ümumi ərzaqlıq buğda istehsalını 20 faiz artırmaq, yəni ixtisaslaşmış rayonlar üzrə bir hektardan orta hesabla məhsuldarlığın 5 tondan çox artırılmasına nail olmaqdır. Bu, idxalın da azalmasına səbəb olacaq.

Bunun üçün iqtisadi əsaslar varmı? Mən deyərdim var və son üç il ərzində ərzaqlıq buğda proqramı çərçivəsində görülmüş işlər buna nümunədir. Sadəcə qeyd edim ki, 2025-ci ildə ərzaqlıq buğda proqramı çərçivəsində 127 min tona yaxın ərzaqlıq buğda istehsal olunub. Böyük əksəriyyəti üçüncü sinif ərzaqlıq buğdadır, amma çörək istehsalı, un istehsalı üçün yararlıdır. Ona görə də bunun artırılması mümkündür, amma dediyim kimi, daha çox sahənin əkilməsi hesabına deyil, məhsuldarlığın artırılması hesabına.

-Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də budur ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən çox ölkələr var. Həmin ölkələrin şirkətləri müxtəlif sahələrə investisiya yatırmaqda maraqlıdırlar. Həmin şirkətlərin investisiya qoya biləcəyi sahələr necə müəyyənləşdirilir və qeyri-neft sektoruna xaricilərin marağını necə qiymətləndirirsiniz? Aqrar sahəyə kifayət qədər investisiya cəlb edə bilirikmi?

-Xarici investisiya üçün bir neçə amil vacibdir. İlk amil sosial-iqtisadi sabitlikdir. İkinci növbədə, təhlükəsizlikdir. Üçüncü növbədə, dövlət tərəfindən ciddi həcmli təşviqlərin verilməsidir. Dördüncüsü isə həmin ölkədə uyğun işçi qüvvəsinin olmasıdır - həm bilikli, bacarıqlı, həm də optimal qiymətə. Bu amillər olduğu halda kapitalın, investisiyanın o ölkəyə axını müşahidə edilir. Azərbaycan sadaladığım bütün meyarlara cavab verir.

Ona görə də düşünürəm ki, yeni Dövlət Proqramı çərçivəsində xarici ölkələrdən investorların Azərbaycana cəlb olunması daha da asanlaşacaq, maraq getdikcə artacaq. Bu marağı da biz artıq yeni Dövlət Proqramı təsdiqlənəndən bəri görürük. Kənd Təsərrüfatı Nazirliyinə müxtəlif müraciətlər daxil olur, Azərbaycana müxtəlif - heyvandarlıq, istixana, üzümçülük-şərabçılıq istiqamətlərində sərmayə qoymaq istəyən xarici investorlardan müraciətlər gəlir. Sərmayə həcmləri nə qədər olacaq bilmirəm, bunu zaman göstərəcək. Amma cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan sabitliyi, coğrafi mövqeyi, iqtisadi təşviq mexanizmləri ilə hazırda investorlar üçün çox münbit bir şərait yaradıb. Bu, əlbəttə ki, öz müsbət təsirini göstərəcək.

-Ölkə ərazisində hazırda yeni soyuducu anbarların inşası gündəmdədir. Son illərdə Azərbaycanda, ümumilikdə, 400 min ton tutumu olan soyuducu anbarlar yaradılıb. Həmin həcmin 500 min tona çatdırılması qarşıya hədəf qoyulub. Bu istiqamətdə hansı addımlar atılacaq?

-Ümumilikdə soyuducu anbarların, taxıl silolarının əsas məqsədi logistik zəncirlərin inkişaf etdirilməsi, məhsulun saxlanma şəraitinin yaxşılaşdırılması və məhsulun “rəf” ömrünün uzadılmasıdır. Ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən ehtiyatların yaradılması ilə yanaşı, saxlanması da çox əhəmiyyətlidir.

Bu günlərdə Türkiyədə keçirilən Sıfır Tullantı Forumunda iştirak etdim və orada Nazirlər Konfransında çıxışım zamanı da bildirdim ki, biçindən sonra dəyər zəncirində itkilərin azaldılması ancaq və ancaq saxlanma, daşınma şəraitlərinin müəyyən standartlara çatdırılması və o standartların artırılması hesabına mümkündür. Dünya ölkələrinin bir çoxu məhz bu istiqamətdə müzakirələr aparırdı ki, buna necə nail olmaq olar.

Bir neçə rəqəmə toxunum. Məsələn, Çin son beş ildə ümumi taxıl saxlama gücünü 30-40 faiz artırıb. Rusiya 2-3 dəfə artırıb. Türkiyə son beş ildə 9 milyondan 12 milyona çatdırıb, 2030-cu ilə qədər 20 milyonadək artırmağı planlaşdırır. Yəni bu, bizə onu göstərir ki, məhsulların biçindən sonra saxlama şəraitinin yaxşılaşdırılması, itkilərin azaldılması özlüyündə müəyyən iqtisadi fayda və dəyər yaradır.

Bu baxımdan, əlbəttə ki, cənab Prezident tərəfindən Azərbaycanda həm soyuq hava depolarının sayının artırılması, eləcə də taxıl silolarının genişləndirilməsi hədəf olaraq qarşımıza qoyulub. 2030-cu ilə qədər ilkin hədəf soyuq hava depolarının 100 min tona, taxıl silolarının isə 150 min tona artırılmasıdır. Bu, yetərlidirmi? Xeyr, 2030-cu ildən sonra da bunun artırılmasına ehtiyac olacağını düşünürük. Nəyə görə? Çünki biz, eyni zamanda, meyvə, tərəvəz və taxıl istehsalının artırılmasını hədəfləyirik. Bu baxımdan bizə daha çox saxlama gücü lazım olacaq. Ehtimal ki, soyuducu anbarların ümumi tutumunu 2030-cu ildən sonra 500 min tondan 900 min tona çatdırmağı hədəfləməli olacağıq. Taxıl siloları üzrə isə həcmin 2 milyon 50 min tondan 2 milyon 500 min tona çatdırmaq hədəflənəcək. Əlbəttə ki, bunlar həm fermerlərin gəlirlərinin artmasına, məhsulun saxlanmasına, itkilərin azaldılmasına, məhsulun fərqli mövsümlərdə satılmasına, eləcə də bunun hesabına dəyərin artmasına xidmət edəcək. Üstünlüklər çoxdur. Əlbəttə ki, hazırda ümumi tutum gücü 400 min ton olan soyuq hava depolarının, eləcə də 1 milyon 900 min tonluq taxıl silolarının da böyük əksəriyyəti məhz dövlət dəstəyi hesabına yaradılıb. Biz bunu davam etdirəcəyik.

-Yeni Dövlət Proqramına görə, maliyyələşmənin bir hissəsi – təxminən 3 milyard manat vəsait özəl sektor tərəfindən yatırılmalıdır. Özəl sektorun marağını təmin etməkdən ötrü hansı tədbirlər görüləcək? Digər tərəfdən, kənd təsərrüfatında yeni mərhələyə keçiddə aqroparkların rolunu necə qiymətləndirmək olar? Aqroparklar kənd təsərrüfatı qarşısında qoyulan prioritetlərin icrası prosesinə nə qədər hazırdır?

-Tamamilə doğru qeyd etdiniz. Özəl sektorun yeni Dövlət Proqramının icrasında özünəməxsus rolu olacaq. Hətta cənab Prezident müşavirədəki çıxışında məhz investorlara və özəl sektora çağırış etdi. Bu, onların nə dərəcədə əhəmiyyətli və proqramın icrasında aparıcı bir qüvvə olduğunu bir daha göstərir. Bu proqram çərçivəsində dörd il yarım ərzində aqrar sektora 5,9 milyard manat investisiya cəlb olunması gözlənilir. Bunun 3,7 milyard manatının özəl sektor tərəfindən, 2,2 milyard manatının isə dövlət tərəfindən yatırılması nəzərdə tutulur. Ümumilikdə, dövlətin buradakı rolu daha çox təşviqedici, administrativ, dəstəkverici, eləcə də müəyyən mənada maliyyələşdirici olacaq. Bu işlərin - investisiyaların qoyulmasının, torpaqların hazırlanmasının, tikintilərin həyata keçirilməsinin, texnikaların, heyvanların gətirilməsinin və fermaların qurulmasının birbaşa özəl sektor tərəfindən icra olunması nəzərdə tutulur. Bu baxımdan, əlbəttə ki, özəl sektorun əhəmiyyəti çox böyükdür. Dövlətin investisiya qoyuluşunda verdiyi dəstək ümumi maliyyənin 35-40 faizidir və bu, özlüyündə təşviqedici bir xarakter daşıyır. Amma bundan əlavə, müsahibənin əvvəlində də qeyd etdiyim kimi, Dövlət Proqramı özündə eyni zamanda, qanunvericilik təşəbbüslərini də ehtiva edir. Qanunvericilik təşəbbüsləri fermerlər, sahibkarlar, investorlar üçün yeni ciddi imkanların yaranacağını göstərir. Buraya həm toxumçuluq və balıqçılıq sahələrində qanun və müvafiq sənədlərin yenilənməsi, “Aqrar sahə haqqında” Qanunun qəbul olunması, konsolidasiya üçün müxtəlif qanunlara və fərmanlara dəyişikliklərin edilməsi daxildir. Bir az əvvəl də bildirdim, cənab Prezident tərəfindən subsidiya və güzəştlərə dair 759 və 413 nömrəli fərmanlara dəyişikliklər təsdiqləndi. İmzalanmış daha iki yeni Fərman ixracatda logistikaya dəstəyin verilməsini və kredit faizlərinin subsidiyalaşdırılmasını da özündə ehtiva edir. Bunların hamısı aqrar sektor, investorlar üçün ciddi dəstəkdir və yatırılan kapitaldan daha tez fayda götürməyə xidmət edəcək, eyni zamanda, məhsulun daha uzunmüddətli istehsalına da gətirib çıxaracaq.

Dövlət Proqramı 4-5 ili əhatə etsə də, görüləcək işlər aqrar sektorun fundamental dəyişikliklərinə səbəb olacaq, daha dayanıqlı, daha uzunmüddətli inkişafa xidmət edəcək. Biz bunun təsirini əsasən 2030-cu ildən sonra görəcəyik. Əlbəttə, özəl sektor üçün də maraqlıdır ki, sərmayə yatırdıqları sahə, istiqamət, sektorlar onlara qısamüddətli deyil, daha uzunmüddətli fayda vermə imkanı saxlasın.

-Son illər aqrar sahədə rəqəmsallaşma sürətlənib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılıb, subsidiyaların verilməsi, hətta yaylaqlara getmək üçün müraciətlərin qəbulu elektron qaydada həyata keçirilir. Bəs, fermerlərimizin rəqəmsal bacarıqları hansı səviyyədədir? Bu sahədə maarifləndirmə aparılırmı?

-Siz çox vacib bir məqama toxundunuz. 2020-ci ildə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb və fermerlər əkdikləri məhsullar, sahələrin yerləşməsi barədə orada bəyanlar edirlər. Baxmayaraq ki, artıq mobil tətbiq hazırlanıb, bəyanlar veb-portal üzərindən kompüter olan istənilən bir yerdən də həyata keçirilə bilər. Təəssüf ki, deyərdim fermerlərin 95 faizindən çoxu hələ də bizim regionlarda olan DAİM-lərə, yerli orqanlara, kənd təsərrüfatı idarələrinə yaxınlaşaraq, orada bu bəyanın keçirilməsini xahiş edirlər və bizim operatorlar onlar üçün bu bəyanı, məlumatın doldurulmasını yerinə yetirirlər. Etiraf etməliyəm ki, bizim fermerlərin mobil tətbiqdən və ya elektron platformadan istifadəetmə vəziyyəti bu gün istənilən səviyyədə deyil.

Amma bununla bağlı Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər var - maarifləndirmə tədbirləri nəzərdə tutulur. Eyni zamanda, kənd təsərrüfatında elektron, rəqəmsal həllərin istifadəsini təhsilə də inteqrasiya etməyi düşünürük. Artıq bu ilin sentyabr ayından Azərbaycan Dövlət Aqrar Universitetində məhz bu istiqamətdə tədris və təlimlərin keçirilməsi nəzərdə tutulur. Bizdə hər il 1500-ə yaxın tələbə məzun olur. Bu o deməkdir ki, hər il aqrar sektorda çalışacaq daha 1500 nəfər bu biliklərlə sahib olacaq. Onların da hər biri Azərbaycanın bir kəndində, bir bölgəsində olacaq və bu biliklərin yayılmasına xidmət edəcək.

Bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Biz bu gün rəqəmsallaşmanı nə qədər genişləndirmək istəsək belə fermerlərin bundan istifadəetmə bacarıqlarının aşılanması əsas çağırışlardan biri olaraq qarşımızda durur. Bu gün əgər göstərdiyimiz xidmətlərin təxminən 55 faizini elektron platforma üzərindən təqdim edə biləriksə, hədəfimiz 2030-cu ildə bu rəqəmin 100 faizə çatdırılmasıdır. Amma bunun 100 faizə çatdırılması 100 faiz istifadə olunması demək deyil. Ona görə də maarifləndirmə, fermerlərin təşviq olunması istiqamətində işlər görəcəyik.

Bir məqama da toxunum, Aqrar Süni İntellekt layihəsi çərçivəsində hazırlanan modullardan biri məhz “Fermer reytinqi” moduludur. Orada fermerin elektron platformadan və rəqəmsal həllərdən istifadə etmə səviyyəsi onun reytinqinə təsir edən amillərdən biri kimi nəzərdə tutulub. Ümid edirik ki, bu kimi təşviqedici amillər də onların maariflənməsinə xidmət edəcək.

-Cənab nazir, intensiv bağçılıqdan danışaq. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə intensiv bağçılıq inkişaf etdirilir. Bununla bağlı nə deyə bilərsiniz? Həm ixrac, həm də müasir becərmə texnologiyalarının tətbiqi baxımından.

-2025-ci ilin sonuna olan statistikaya əsasən, ölkədə 50 min hektara yaxın intensiv bağ salınmışdı və bu, son 5-7 ildə görülmüş işlərin nəticəsidir. Təkcə keçən il biz 10 min hektara yaxın yeni intensiv bağın salınmasına nail olmuşuq. Bunun getdikcə genişlənməsi nəzərdə tutulur. 2030-cu ilə qədər 50 min hektarın 70 min hektara çatdırılması hədəf olaraq qarşımıza qoyulub.

Nəyə görə intensiv bağçılıq? İlk növbədə, məhsulvermə daha tez olur. Bir hektardan daha çox məhsul götürülür. İntensiv bağçılıq düzgün sortlar seçildiyi halda məhsulu bazara daha erkən çıxarmağa imkan yaradır ki, bu da fermerin qazancının artırılmasına xidmət edir. Eyni zamanda, əlavə iş yerləri deməkdir. Yəni intensiv bağda işçi qüvvəsinə daha çox ehtiyac yaranır. Əlbəttə ki, eyni zamanda, xüsusi bilik və bacarıqların təşviqinə də şərait və imkan yaradır. Bu baxımdan intensiv bağçılığın inkişafı əsas hədəflərimizdən biridir.

Eyni zamanda, Azərbaycanda iqlim şəraiti ona imkan verir ki, biz müxtəlif meyvələrin istehsalının genişləndirilməsinə nail olaq. Bu, həm də bir hektardan daha çox əlavə dəyərin, daha çox iqtisadi dəyərin yaradılmasına xidmət edir. Misal üçün qeyd edim ki, bir hektar alma bağının bir hektar dənli-paxlalı sahədən bəzi hallarda 30 dəfəyə qədər dəyər yaratmaq potensialı var. Eləcə də bunu digər meyvə-tərəvəzlərə də şamil edə bilərik. Ona görə də intensiv bağçılığın artırılması hədəflənib. Xüsusilə də azad olunmuş ərazilərdə. Azad olunmuş ərazilərdə keçirilmiş ilk iki müsabiqə göstərir ki, 8 min 500 hektar yeni bağların yaradılmasına maraq var. Biz hələ bundan sonra da müsabiqələr keçirəcəyik. Soyuq hava depolarını, logistik imkanları da nəzərə almaq lazımdır. Həmçinin inanıram ki, Zəngəzur dəhlizinin açılması, Şimal-Cənub dəhlizinin tam işə düşməsi və Orta Dəhliz üzərində yerləşməyimiz də istehsal olunacaq məhsulların daha qısa müddətdə dünya bazarlarına çatdırılmasına xidmət edəcək. Bu da özlüyündə həm ölkəyə əlavə valyuta gətirəcək, məşğulluq və iqtisadi dəyəri artıracaq.

-Kənd təsərrüfatının inkişafında innovativ vasitələrin tətbiqi, süni intellekt və rəqəmsallaşmadan istifadə ətrafında danışdıq. Bu məsələ indiki iqtisadi trendlər kontekstində olduqca aktual səciyyə daşıyır. Çünki burada həm kadr potensialı, həm də yeni texnologiya lazımdır.

-Bir az əvvəl biz rəqəmsallaşmanı müzakirə etdik. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi platforma olaraq statik bir platformadır və özündə sadəcə məlumatın daxil edilməsini ehtiva edir. Bu fonda əlbəttə ki, məlumatların toplanması, mərkəzləşdirilməsi, təhlili funksiyaları icra olunur. Amma biz bunun faydasını nə vaxt görəcəyik? Məhz süni intellekt həllərinin tətbiqindən sonra. Yəni burada nəzərdə tutulanlar nələrdir? Biz fermerin tarixçəsini EKTİS vasitəsilə əldə edirik ki, nə əkir, nə qədər əkir, harada əkir. Aparılan torpaq analizləri sayəsində torpaq xəritəsi yaradılır. Ölkədə hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün meteostansiyalarından məlumat alınır. Əlavə olaraq, Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt layihəsi çərçivəsində 30-a yaxın meteostansiya yeni qurulub. Həmçinin bir o qədər də özəl sektorun öz sahələrində qurduğu meteostansiyalar mövcuddur. Onları da bu platformaya qoşaraq, əkilən məhsulların necə fayda verəcəyi, iqlimin məhsuldarlığa necə təsir göstərəcəyi məlumatlarını toplaya bilirik.

Bununla bərabər, biz bir qayda qoyduq ki, ölkəyə idxal olunan bütün kombaynlar həm GPS-lə təchiz olunsun, həm də məhsul toplama bunkerində sayğaclar quraşdırılsın. Bunlar şərtdir. Bu məlumatların da mərkəzi bazaya toplanması nəzərdə tutulur. Ümumilikdə, bütün bunlar fermerə məlumatın ötürülməsinə, təhlil olunmasına, onun sahəsində baş verə biləcək risklərin öncədən fermerə çatdırılmasına və hansı addımların atılmasına imkan yaradacaq. Suvarmaya gəldikdə, eyni məqam burada da nəzərə alınıb. Torpaq və bitki su stresi yaşayırmı, yetərincə nəmlik və rütubətlik varmı, əlavə suvarmaya ehtiyacı varmı – biz bu kimi məlumatları fermerin mobil telefonuna göndərə biləcəyik. Belə mesajlar fermerlərə gündəlik olaraq teleqram üzərindən göndərilir. Orada saat aralıqları da göstərilib. Bitki növündən asılı olaraq üç gün ərzində fermerin sahəsində iqlimə görə hər hansı bir zərərvericinin, xəstəliyin yaranma ehtimalları ölçülür və məlumat ona göndərilir. Eyni zamanda, dərmanlamaya ehtiyac varsa, dərmanlamanın ən uyğun saatlarını da mesaj kimi fermerə göndəririk. Bu, bizim ilk pilot layihəmizdir və sınaq işlərinə bir aya yaxındır ki, başlamışıq. Yəni bu həllər vasitəsilə süni intellektin fermerə verə biləcəyi faydaları vurğulayır, həmçinin kadr və bilik çatışmazlığını bunun sayəsində aradan qaldırmağa çalışırıq.

Kadr yetişdirilməsinə gəlincə, Dövlət Proqramı çərçivəsində əsas hədəflərdən biri də ikili diplom proqramı ilə məzunların sayının artırılmasıdır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı mövcuddur. Biz 2025-ci ildə 46 məzun yetişdirmişiksə, 2030-cu ildə bu sayın 500 nəfərə yaxın artırılması nəzərdə tutulur. Bundan əlavə, Macarıstanın MATE Universitetinin Azərbaycanda fəaliyyətə başlaması planlaşdırılır. Yəni aqrar sahədə təhsili mümkün qədər artırmağa çalışacağıq. Bilikli kadrların artırılması da süni intellekt həllərindən, rəqəmsal həllərdən istifadənin genişlənməsinə xidmət edəcək.

-Son dövrlər dəyişkən iqlim şəraiti, xüsusən intensiv yağışlar kənd təsərrüfatına necə təsir edir? Təbii amillərin vurduğu ziyanın aradan qaldırılması və fermerlərin risklərdən qorunması istiqamətində nazirlik tərəfindən hansı tədbirlər görülür? Ümumiyyətlə, bu sahədə iqlim dəyişiklikləri ilə bağlı riskləri necə azaltmaq olar? Aqrar sığorta mexanizmi bu prosesdə necə rol oynayır?

-Kənd təsərrüfatı iqlim təsirlərindən bəzən faydalanan, bəzən isə çox ciddi zərər görən bir sektordur. Azərbaycan da bundan kənarda qalmır. Misal çəkə bilərəm, 2023-cü ildə Azərbaycanda quraqlıq səbəbindən dəmyə torpaqların üçdəbiri məhsul itkisi və quruma ilə üzləşdi. Bu il yazda çiçəkləmə dövründə yağışlar meyvə bağlarına zərər vurdu və sair. İqlim dəyişmələri, o cümlədən yağışın intensivliyi və ya bəzi hallarda anomal paylanması, quraqlıq, fırtınalar, küləklər – bunların hər birinin öz təsiri var.

Burada iki istiqamətdə addım atırıq. Bir neçə il öncə ölkədə aqrar sığorta mexanizmi yaradıldı və aqrar sığorta mexanizmi sayəsində bəzi bitki məhsulları üzrə, - hansı ki, dövlət subsidiyalaşdırır, - müəyyən mənada icbari sığorta mövcuddur. Burada iqlim hadisələri, sığorta hadisələri baş verdikdə fermerlərin zərəri kompensasiya olunur. Amma eyni zamanda, könüllü sığortalanan fermerlər də var və biz könüllü sığortalananların sayının ildən-ilə artdığını görürük. 2025-ci ilin sonuna ümumi sığortalanan sahə 386 min hektar təşkil edir. Əlbəttə ki, bunun artırılması - 2030-cu ildə 1 milyon hektara çatdırılması nəzərdə tutulur. Bu, əkin sahələrimizin təxminən 65-75 faizinin sığortalanması deməkdir. Təkcə 2025-ci ildə sığorta hadisələrinin baş verməsi ilə bağlı 600-ə yaxın fermerin müraciəti olmuşdu. Ötən il 2024-cü ildən qalma vəsaitlər də daxil olmaqla, ümumilikdə, 9 milyon manatdan çox ödəniş həyata keçirilib. Bu mexanizm məhsulun istehsalının dayanıqlığını və davamlılığını təmin etmək məqsədi daşıyır.

Sığorta, qeyd etdiyim kimi, birinci mexanizmdir. İkinci mexanizm az əvvəl danışdığımız istiqamətlərdə süni intellektin tətbiqidir. Burada fermer öncədən məlumatlandırılır və ata biləcəyi müvafiq addımlar varsa, ona bu barədə məsləhət verilir. Fermer nə qədər öncədən xəbərdar olsa ki, hər hansı bir iqlim hadisəsi baş verə və məhsuluna zərər vura bilər, onun önləyici addımlar atmağa imkanı yaranacaq. Eyni zamanda, bəzi iqlim hadisələrinə, xüsusən də doluya qarşı bağların üzərinə çəkilən qoruyucu torlar və onların mexanizmləri artıq dövlət güzəşti proqramına daxil edilib və bu avadanlıqlara da 40 faizlik dövlət güzəşti tətbiq olunur. Yəni fermerlərə iqlim hadisələrinə görə dəstək olmağa çalışırıq. Amma bu bir reallıqdır ki, kənd təsərrüfatı sektoru daim iqlimə qarşı həssas olaraq qalacaq.

Bir məqama da toxunmaq istəyirəm. Türk professorun vaxtilə mənə dediyi bir ifadə var: “Əkinçilik üstüaçıq zavod kimidir”. Yəni sahədə biz çox iş görə bilərik, amma göydən nə düşəcək, necə olacaq, iqlimin nə kimi sürprizləri ilə qarşılaşacağıq, bunu bilmirik. Bu, işin bir tərəfidir. Amma digər tərəfdən bunun bir həlli tapılıb - istixanalar. Dövlət Proqramı çərçivəsində 2030-cu ilə qədər əlavə 500 hektar istixananın yaradılması nəzərdə tutulur. İstixanalar bir hektara daha çox iş yeri, daha çox iqtisadi dəyər yaradır. İstixanaların sayəsində ixracat potensialımız artır. Əlbəttə ki, bu, ərzaq təhlükəsizliyimizin və özünütəminat səviyyəmizin də yüksəlməsinə xidmət edəcək.

-Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialı, coğrafiyası və şaxələndirilməsi barədə nələri demək olar? Cənab Prezident də müşavirədə qarşıdakı müddətdə aqrar məhsullarımızın ölkəmiz üçün ənənəvi sayılan bazarlarda nə vaxta qədər tələbat olacağı məsələsini vurğuladı.

-2025-ci il Azərbaycanın kənd təsərrüfatı ixracı üçün ən uğurlu illərdən biri oldu və rekord ili oldu. Qeyd etdiyim kimi, 1,5 milyard dollarlıq ixracat həyata keçirildi. Bunun 1,1 milyardı istehsal olunmuş kənd təsərrüfatı məhsulları, 0,4 milyardı isə emal olunmuş kənd təsərrüfatı, qida məhsulları idi.

Son beş ildə ixrac coğrafiyamıza nəzər salsaq, ixracda ilk beş ölkənin, həmçinin ilk üç məhsulun payının azalmasını müşahidə edirik. Bizim əsas ixrac məhsullarımız birinci yerdə meyvə məhsullarıdır, ikinci tərəvəz, üçüncü pambıqdır. Bu üçünün payı əgər beş il əvvəl 87 faiz təşkil edirdisə, keçən il bu, 78 faizə düşüb. Bu, onların payının azalmasını, digər məhsulların payının artmasını göstərir.

Eyni zamanda, biz bunu ixracat coğrafiyasında görürük. Ötən il ixrac coğrafiyasında əsas ölkələr Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, İtaliya, Mərkəzi Asiyadan Özbəkistan olub. Amma müxtəlif məhsullar üzrə müxtəlif ölkələrdən asılılıq hələ də qalır. Cənab Prezidentin də qeydi məhz bununla bağlıdır. Həmin ölkələrdə yəqin ki, özünütəminat, ərzaq təhlükəsizliyi üzərində düşünürlər. Onların atdığı addımlar çərçivəsində bizim üçün bazar imkanları daralacaqmı? Bu, araşdırılmalıdır. Alternativ bazarlar hara ola bilər?

Əlbəttə ki, biz son illərdə müxtəlif məhsulların Yaxın Şərqə ixracının artdığını görürük. Potensial kimi Çin bazarını görürük. Şaxələndirmə bizim üçün yenə də əsas prioritet olaraq qalacaq və Dövlət Proqramı çərçivəsində də yeni bazarlara çıxış üçün sertifikat subsidiyasının verilməsi nəzərdə tutulur. Beynəlxalq kənd təsərrüfatı təcrübələrinə malik sertifikatların maliyyələşməsi və ya o sertifikatları tətbiq edən fermerlərə, sahibkarlara əlavə güzəştlərin tətbiqi planlaşdırılır. Cənab Prezident tərəfindən imzalanmış 759 nömrəli Fərmanda dəyişikliklərdən biri də məhz sertifikat subsidiyası imkanının yaradılmasıdır. Sertifikatlaşma nə üçün əhəmiyyətlidir? Çünki sertifikat bir çox dünya bazarlarına çıxış zamanı Azərbaycan məhsullarının müəyyən standartlara cavab verməyini təsdiqləyən sənədlər formasında çıxış edəcək. Bu da yerli sahibkarlar, fermerlər üçün alternativ bazarlara çıxış imkanı yaradacaq.

-Torpaqlardan səmərəli istifadə məsələsinə gələk. Sizcə, fermerlər torpaqlardan daha səmərəli istifadə etmək üçün nə etməlidirlər, tövsiyəniz nədir? Dövlət Proqramı çərçivəsində bu istiqamətdə hansı addımlar atılacaq?

-Azərbaycanda torpağın səmərəli istifadəsi baxımından qarşıda duran ən böyük çağırış torpaqların bölünməsidir. Bir fermerə bu gün 1,8 parsel sahə düşür. 124 min fermerin əkin sahələri iki və daha çox ərazidən ibarətdir. Bu, avtomatik həmin sahələrdə əkinin həyata keçirilməsi resurslarını iki və daha çox yerə bölmək, bir yerə bir neçə dəfə gedib-gəlmək deməkdir. Qeyd olunanlar isə bütün istehsal vasitələrinin qeyri-effektiv istifadəsinə gətirib çıxarır. Eyni zamanda, müasir suvarmanın tətbiqini də çətinləşdirir. Çünki sahə nə qədər kiçikdirsə, orada müasir suvarmanın tətbiqi daha da çətinləşir.

Bu nöqteyi-nəzərdən Dövlət Proqramı çərçivəsində qeyd etdiyim kimi, ilk dəfə konsolidasiya layihəsinin icrası planlaşdırılır. İki rayonda, 32 kənddə - Qəbələ və Salyanda bunun həyata keçirilməsi nəzərdə tutulur. Biz inanırıq ki, məhz konsolidasiya fermerlərin torpaqlarının birləşdirilməsinə, su ilə, qapalı suvarma şəbəkəsi ilə təmininə, müasir suvarmanın qurulmasına və ən əsası da torpaqdan səmərəli istifadəyə, daha dəyərli bitkilərin, daha çox dəyər yaradan bitkilərin istehsalına imkan verəcək.

-Ərazi cəhətdən bizdən heç də böyük olmayan Niderland, İsrail kimi ölkələr kənd təsərrüfatında keyfiyyəti əsas tutaraq böyük nəticələr əldə edirlər. Hazırda biz aqrar sahəni hansı model əsasında inkişaf etdiririk? Hansı ölkələrin təcrübəsini əsas götürməliyik?

-Azərbaycan tarixən kənd təsərrüfatında daha çox ekstensiv artım üzərindən inkişaf yolunu seçib. Məhz cənab Prezidentin son illərdə imzaladığı fərmanlar və təsdiqlədiyi Dövlət proqramları, o cümlədən yeni Dövlət Proqramı ekstensiv modeldən intensiv modelə keçidi özündə ehtiva edir. Adlarını çəkdiyiniz ölkələrə məxsus əsas xüsusiyyətlərə daha az sahədən daha çox və daha dəyərli məhsul istehsal etmək daxildir. Eyni zamanda, elmi tədqiqatların və təhsilin özəl sektorla və aqrar sahə ilə intensiv işini özündə ehtiva edir. Bunların hamısı yeni Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulur.

Azərbaycanın özünəməxsus dinamikası, özünəməxsus iqlim şəraiti, özünəməxsus suvarma şəbəkəsi mövcuddur və biz bu reallıqları göz önündə saxlamalıyıq. Bunların inkişafı sadəcə aqrar sektorun inkişafı ilə bağlı olmayacaq. Çünki aqrar sektor, eyni zamanda, iqtisadiyyatın bir parçasıdır. İqtisadiyyatın bir parçası olaraq da, adətən iqtisadiyyatdan fərqli bir dinamika sərgiləmir. Regionların sosial və kommunal infrastrukturu inkişaf etdikcə, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr icra olunduqca fermerlər üçün yeni imkanlar yaranacaq və daha az resursla daha çox məhsul istehsal olunması məntiqini tətbiq edə biləcəyik. Biz məhsul subsidiyasını tətbiq etdikcə, inanıram ki, fermerlər daha çox məhsul istehsal etməyə, vahid ərazidə məhsuldarlığı artırmağa meyilli olacaqlar.

Eyni zamanda, qeyd edim ki, Dövlət Proqramı çərçivəsində elmi-tədqiqat institutlarının transformasiyası, restrukturizasiyası nəzərdə tutulur. Məsələn, bu sıraya Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin yaradılması daxildir. Artıq cənab Prezident tərəfindən bununla bağlı Fərman da imzalanıb. Burada məqsəd elmi tədqiqatların və təhsilin özəl sektorla və sahə ilə birbaşa inteqrasiya olunmuş şəkildə fəaliyyətinə nail olmaqdır. Adlarını sadaladığımız ölkələrin ən böyük uğurları məhz buradadır.

İsraildən götürə biləcəyimiz nümunə suyun idarə olunmasıdır. Yaxud heyvandarlığı da nümunə götürə bilərik. İsrailin heyvanbaşına məhsuldarlığı bir gündə bir inəkdən orta hesabla 40 litr süddür. Azərbaycanda isə fermerlər təəssüf ki, bu cins heyvanların Azərbaycana uyğun olmadığını və soyuq ölkələrdən gəldiyini, daha çox soyuq iqlimə uyğun olduğunu qeyd edirlər. Mən həmişə İsraili misal çəkirəm. Eyni heyvandır, - düzdür, müəyyən illərdə seleksiyadan keçib, 30 ilə yaxın bir dövrdə - amma İsraildə buna nail olublar. Nəyə görə biz Azərbaycanda buna nail olmayaq? İnanam ki, buna mütləq nail olacağıq.

Eyni misalı Cənubi Koreyadan da çəkə bilərəm. Cənubi Koreya, Niderland və İsrail ərazi baxımından Azərbaycana oxşardır və bunlar bizim model istiqamət götürə biləcəyimiz ölkələrdir. Amma, eyni zamanda, iqlim şəraitimizi, real imkanlarımızı və daxili potensialımızı əsas götürərək, oradakı elmin, təhsilin və texnologiyaların Azərbaycana gətirilməsinin, fermerlərin maarifləndirilməsinin, habelə yeni kadrların yetişdirilməsinin zamanla kənd təsərrüfatımıza böyük töhfələr verəcəyinə inanıram.

-Çox sağ olun, cənab nazir, müsahibə üçün təşəkkür edirik.

-Mən də sizə təşəkkür edirəm. Ümid edirəm ki, bu müsahibə, eyni zamanda, yeni Dövlət Proqramının daha geniş kütlələrə çatdırılmasına, eləcə də aqrar sektora həm xarici investorların, həm yerli özəl sektorun da marağının artırılmasına xidmət edəcək. Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq 7/24 fermerlərin yanındayıq, istənilən sualları operativ şəkildə cavablandırmağa və onlara dəstək olmağa hazırıq.

-Sağ olun.

Müəlliflər – Ceyhun Rüstəmov (AZƏRTAC),
Elnar Məmmədli (AzTV),
Murad Həşimov (ARB TV)
Fotoqraf – İlqar Cəfərov (AZƏRTAC)
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub