MƏDƏNİYYƏT
“Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii abidələrin qorunması” layihəsi yekunlaşmışdır
Bakı, 26 oktyabr (AZƏRTAC). İqtisadi Resursların Öyrənilməsi Mərkəzi icrasına 3 ay əvvəl başladığı “Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii abidələrin qorunması” layihəsini yekunlaşdırmışdır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmişdir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində Xaçmaz, Lənkəran və Şəki şəhərlərində regional turizm informasiya mərkəzləri, mədəniyyət və turizm idarələrinin əməkdaşları üçün seminarlar təşkil olunmuşdur. Seminarlarda təbii abidələr, onların qorunması yolları, ekoturizmin Azərbaycanda inkişaf perspektivləri, turizmdə menecment işinin təşkili, marketinqin aparılması qaydaları öyrənilərək müzakirə olunmuşdur.
Layihəyə cəlb olunmuş sahibkarlıq subyektləri və turizm biznesində maraqlı olan şəxslər mütəxəssislər tərəfindən keçirilmiş seminarlardan öz gələcək işlərini qurmaq üçün xeyli bilik əldə etmişlər.
Seminar iştirakçıları arasında keçirilmiş sorğu onu deməyə əsas verir ki, təbii abidələrə və ətraf mühitə ziyan vurmadan da turizm sahəsində biznes fəaliyyətini genişləndirmək mümkündür.