CƏMİYYƏT


Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə diasporların hazırkı vəziyyəti və perspektivlər müzakirə olunub VİDEO

Bursa, 28 mart, AZƏRTAC

Türk dünyasının 2022-ci il üzrə mədəniyyət paytaxtı Bursa şəhərində təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu çərçivəsində “TDT-nin üzv ölkələrində diasporların hazırkı vəziyyəti və perspektivləri” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, panel iclasında Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Qismət Gözəlovun sədrliyi ilə keçirilən iclasda Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Eren, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qırğızıstanın Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov, Qazaxıstanın “Vətəndaşlar” Fondunun vitse-prezidenti Magauiya Sarbassov və Özbəkistanın Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov mövzu ətrafında fikirlərini bölüşüb, türk dünyasının diaspor birlikləri arasında səmərəli əlaqələr formalaşdırmaq və onları daha da genişləndirmək üçün təkliflər irəli sürüblər.

Çıxışlarda türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması, latın əlifbasına tam keçid, türk xalqlarının dillərinin öyrənilməsi istiqamətində vahid strategiyanın formalaşması, yaradıcı və milli məsələlərdə fəallığı ilə seçilən şəxslərin mükafatlandırılması və digər təkliflər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, İsmayıl bəy Qaspiralının “Dildə, fikirdə, işdə birlik!” çağırışı tarixdə olduğu kimi, müasir dövr üçün də aktual fəaliyyət istiqamətidir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz üçün mühüm məsələlərdən biri kimi milli diaspor strukturlarının formalaşdırılmasının təxirəsalınmaz vəzifə olaraq müəyyən edildiyini vurğulayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev bu sahənin formalaşmasına və inkişafına xüsusi diqqət göstərib, bu istiqamətdə mühüm qərarlar qəbul edib. Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolu və diaspor sahəsində qarşıdakı vəzifələrdən danışan komitə sədri deyib ki, Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi tədbirin mühüm məqamlarından hesab olunur. “Qırx dörd günlük Vətən müharibəsində Türk Dövlətləri Təşkilatı bizə dəstək göstərdi, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdi. Təşkilatın əsas prinsiplərindən biri də məhz türk dövlətlərində, eləcə də regionda və dünyada sülhün, təhlükəsizliyin təmin olunmasıdır. Vətən müharibəsi nəticəsində imzalanan üçtərəfli Bəyanatdan irəli gələn əsas prioritet Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz həm Azərbaycan, həm region və ən əsası, türk dünyasının imkanlarını artıran və birləşdirən əsasən strateji yoldur.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Eren çıxışlarında iki qardaş ölkənin diaspor təşkilatları arasında sıx əməkdaşlıq və qazanılan səmərəli nəticələr barədə geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu qardaşlıq münasibətləri İkinci Qarabağ müharibəsində daha da genişlənib və böyük təsirə malik olub.

Çıxışlarda vurğulanıb ki, Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunda müzakirə olunan məsələlər ümummilli maraqları əks etdirir. Mədəniyyət, elm və təhsil, humanitar və digər sahələrdə həmrəylik və qarşılıqlı dəstək mühüm fəaliyyət kimi dəyərləndirilib.

Tərəflər milli diaspor təşkilatlarının funksiyaları və fəaliyyəti, strategiya və nəticələr barədə geniş məlumatları bölüşüblər.

Qeyd edək ki, 12 ölkədən 70-dək nümayəndəni bir araya gətirən Bursa Forumu işini davam etdirir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.