DÜNYA
Türkiyə Prezidenti: Biz ölkəmizi işğalçılara əsla təslim etməyəcəyik
İstanbul, 16 iyul, AZƏRTAC
Mən bir az əvvəl Marmarisdə idim. Mənim həmin bölgədə olduğumu zənn edən qiyamçılar biz Marmarisi tərk edəndən sonra oranı bombalayıblar. Dövlətin əmanət etdiyi silahın dövlətə və xalqa qarşı tuşlanması əmanətə, dövlətə və xalqa xəyanətdir. Dövlətin verdiyi silahları xalqa qarşı tuşlayanlar bunun cavabını verəcəklər. Çünki onlar bu xalqın silahları ilə xalqı vururlar.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanındakı açıqlamasında deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə Ordusunun adına ləkə gətirənlər ciddi cəzalandırılacaqlar. Bu gün Türkiyədə xalqın səsi ilə seçilmiş hökumət və Prezident fəaliyyət göstərir və hazırda iş başındadır. Biz ölkəmizi işğalçılara əsla təslim etməyəcəyik. Hazırda milyonlarla insan küçələrdədir. Bu insanların küçədə olmaları onu göstərir ki, qiyamçılar məqsədlərinə çata bilməyəcəklər. Biz onlarla mübarizəni sonadək davam etdirəcəyik. Hazırda istintaq orqanları həmin şəxslərlə bağlı lazımi proseduru davam etdirirlər.