DÜNYA
Türkiyə prezidenti ölkə əhalisini hakimiyyəti müdafiə etmək üçün küçə və meydanlara dəvət edib VİDEO
İstanbul, 16 iyul, AZƏRTAC
Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı ölkədə ictimai-siyasi gərginlik yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğan “CNN Türk” kanalı vasitəsilə ölkə əhalisini küçə və meydanlara çıxaraq hakimiyyəti müdafiə etməyə çağırıb.
Baş nazir Binəli Yıldırım hərbi çevriliş cəhdi edənlərin qanun qarşısına cavab verəcəkləri barədə bəyanat verib. Ankara və İstanbul şəhərlərində bir sıra strateji obyektlər, o cümlədən bəzi televiziya kanalları hökümətin nəzarətindən çıxıb. O cümlədən, böyük körpülərdə nəqliyyatın hərəkəti dayandırılıb. Anadolu Agentliyinin məlumatına görə, İstanbul vilayətinin baş prokurorluğunda hərbi çevriliş cəhdi ilə bağlı cinayət işi açılıb.
Ölkə müxalifətinin rəhbərləri – Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da hərbi çevrilişi pisləyən bəyanatla çıxış ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul