DÜNYA
Türkiyə və Gürcüstanın XİN rəhbərləri İstanbulda bir araya gəliblər
Tbilisi, 28 iyul, AZƏRTAC
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili İstanbulda Türkiyə Respublikasının xarici işlər naziri Mevlud Çavuşoğlu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin, eləcə də regional əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti qeyd olunub.
Nazirlər Gürcüstan ilə Türkiyə arasında yüksək səviyyəli münasibətlərin əhəmiyyətini xüsusi vurğulayıblar.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər, eləcə də beynəlxalq əhəmiyyətli layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, eləcə də, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatında münasibətlərin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Regionda baş verən proseslərə toxunan XİN başçıları Gürcüstanın Cənubi Qafqazda sabitlik və dayanıqlı inkişafın təminatı prosesində rolunu vurğulayıblar.
M.Çavuşoğlu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə keçirilən ilk görüşünü alqışlayıb və Gürcüstanın bölgədə sülhün bərqərar olunmasında gələcəkdə də müsbət rol oynayacağına ümidvar olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi