QAN YADDAŞI
Türkiyənin BİLGESAM Mərkəzi AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsinə dair məqaləsini yayıb
İstanbul, 23 yanvar, AZƏRTAC
İstanbulda fəaliyyət göstərən BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) Araşdırmalar Mərkəzi AZƏRTAC-ın Türkiyədəki xüsusi müxbiri Sabir Şahtaxtının “20 Yanvar Azərbaycan xalqının ən şərəfli qəhrəmanlıq günüdür” sərlövhəli məqaləsini yayıb.
Məqalədə 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə türkdilli oxuculara məlumat verilir. Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasının bu faciənin əsas səbəbi olduğunu göstərən müəllif yazır ki, keçmiş SSRİ rəhbərliyinin qərəzli mövqeyindən və Dağlıq Qarabağı ölkəmizdən ayırmaq üçün ardıcıl həyata keçirdiyi siyasətdən hiddətlənən xalqın öz haqq səsini ucaltmaq üçün küçə və meydanlara çıxmaqdan başqa yolu qalmamışdı. İnsanlar şüurlu şəkildə öz torpaqlarının müdafiəsinə qalxmışdı. Ermənistan sürətlə silahlandığı halda Azərbaycanda insanların əlindəki ov tüfəngləri də yığılmışdı. Belə bir qərəzli yanaşma qarşısında Azərbaycan xalqı başqa nə edə bilərdi? Nəhayət məqsədli şəkildə vəziyyəti gərginləşib Azərbaycanın suveren hüquqlarını pozaraq ölkəyə qoşun yeritdilər. Mərkəzin məqsədli şəkildə həyata keçirdiyi bu proses ermənilərin əsassız ərazi iddiaları ilə yaranan Dağlıq Qarabağ böhranında ölkəmizə ancaq fəlakətlər vəd edirdi. 20 Yanvar faciəsindən sonra xalq, sözün əsl mənasında, təşviş içərisində qalmışdı. Belə bir şəraitdə - Qanlı Yanvar faciəsinin ertəsi günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdi və xalqımızla həmrəyliyini nümayiş etdirdi. Ulu Öndərimiz kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirdi və günahkarların cəzalandırılmasını tələb etdi. Heydər Əliyevin tarixi bəyanatından sonra Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsini davam etdirdi. Eyni zamanda, xalqımıza qarşı törədilən bu tarixi cinayətin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Beynəlxalq KİV-lər Heydər Əliyevin Moskva bəyanatını bütün dünyaya yayaraq SSRİ rəhbərliyinin qəddarlığını ifşa etdilər. Sonrakı illərdə isə Ulu Öndərimizin təşəbbüsü və təkidi ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi.