İQTİSADİYYAT
Turpaketlərdən əldə edilən gəlirdən verginin tutulması
Bakı, 5 avqust, AZƏRTAC
Turizm şirkətlərinin vergi öhdəlikləri necə hesablanır?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, turizm fəaliyyətindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunub ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi tutulan əməliyyatın dəyəri isə vergiödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Bu baxımdan da istər rezident şəxslərdən, istərsə də qeyri-rezident şəxslərdən göstərilən xidmətlərin müqabilində əldə olunacaq tam məbləğ ƏDV-yə cəlb edilməlidir. Yuxarıda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunmuş gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyi üçün həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.
Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergiödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Məcəllənin 104.2-ci bəndinə görə, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.