SİYASƏT
UKRAYNADA AZƏRBAYCANLILARIN SAYI ARTIR
Fevralın 14-də Kiyevdəki Ukrayna evində Ümumukrayna statusuna malik milli təşkilatların rəhbərləri şurasının ilk iclası keçirilmişdir. İclasda Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) nümayəndəsi də iştirak etmişdir.
Ukrayna Millətlərin İşləri və Miqrasiya üzrə Dövlət Komitəsinin sədri Gennadi Moskal çıxışında Avropanın bu iri ölkələrindən birində əhalinin milli tərkibi barədə müfəssəl məlumat verdi, müxtəlif xalqların nümayəndələrinin sayının artıb-azalmasına dair rəqəmlər gətirdi. O dedi ki, əhalinin son sıyahıya alınmasının yekunlarına görə, Ukraynadakı azərbaycanlıların sayı 1989-cu ildəkinə nisbətən 22,8 faiz artmışdır.
Ölkədə 785 milli-mədəni təşkilat qeydiyyata alınmışdır, onlardan 33-nün Ümumukrayna statusu vardır. Ümumukrayna milli-mədəni təşkilatları sırasına UAK da daxildir. UAK-ın İcraiyyə komitəsinin rəhbəri Fail Abidov həmvətənlərimizin həyat və fəaliyyətindən, ən çoxüzvlü və sıx təşkilat olan Konqresin nüfuzunun getdikcə artmasından danışdı.
Ukraynanın xalq deputatı, Ukrayna Erməniləri İttifaqının sədri Nver Mxitaryanın çılğın və kəskin çıxışı forumun işgüzar və konstruktiv ahəngini pozdu. O, Ukraynanın hakimiyyət orqanlarını ölkədəki ermənilərin sayını qəsdən az göstərməkdə təqsirləndirdi.
İclas iştirakçıları Ukraynanın dövlət etnomilli siyasəti haqqında Qanunu, Ukraynadakı milli azlıqlar haqqında Qanunun yeni redaksiyasını və digər sənədləri də müzakirə etdilər.
Şuranın rəhbər heyəti seçildi. D.Quramişvili adına Beynəlxalq Gürcüstan-Ukrayna Qarşılıqlı Mədəni Əlaqələr Assosiasiyasının prezidenti Raul Çilaçava səs çoxluğu ilə Şuranın sədri seçildi. Şuranın üzvləri arasında Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyev də var.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev