ELM VƏ TƏHSİL
UNEC-in Rus İqtisad Məktəbinə qəbul planı yüksək faizlə yerinə yetirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinə (RİM) qəbul olunan birinci kurs tələbələri ilə görüş keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə RİM-in direktoru, dosent Mənsur Bərxudarov tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Birinci kurs tələbələrinə fakültə barədə məlumat verən Mənsur Bərxudarov 2019/2020-ci tədris ilində RİM-ə qəbul planının yüksək faizlə yerinə yetirildiyini vurğulayıb, fakültəyə yerli tələbələrlə yanaşı, əcnəbilərin də qəbul olunduğunu qeyd edib.
Bildirilib ki, fakültədə UNEC müəllimləri ilə yanaşı, Rusiyanın aparıcı ali təhsil müəssisələrinin iqtisadçı alimləri və ekspertləri də tədrisə cəlb olunurlar. Tələbələrə Rusiyanın nüfuzlu korporativ strukturlarında istehsalat təcrübəsi keçmək imkanları yaradılır.
Görüşdə UNEC-in ikili diplom və mübadilə proqramları barədə də məlumat verilib. Bildirilib ki, UNEC-də bakalavr pilləsi üzrə 4 il müddətində London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Monpelye Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi və Moskva Dövlət Humanitar İqtisad Universitetinin diplomlarını əldə etmək mümkündür.
Mənsur Bərxudarov tələbə təşkilatları, universitetdə həyata keçirilən sosial layihələr, intellektual və idman yarışlarından da söz açıb, tələbələri universitetin sosial-ictimai həyatında fəal olmağa çağırıb.
Xatırladaq ki, Rus İqtisad Məktəbində 9 ixtisas (maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, sənayenin təşkili və idarə olunması, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi, menecment, marketinq, kommersiya) üzrə ən yüksək səviyyədə kadr hazırlığı həyata keçirilir.