MƏDƏNİYYƏT


UNESCO-nun baş qərargahında TÜRKSOY-un 25 illik yubileyi qeyd olunub VİDEO

Paris, 29 noyabr, AZƏRTAC 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 25 illik yubileyini silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edir. ABŞ, Yaponiya, Türkiyədən sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın 25 illik yubileyi münasibətilə Avropa turnesinə çıxıb.

AZƏRTAC xəbər verir ki, Parisdə yerləşən UNESCO-nun baş qərargahında türk dünyasını təmsil edən 5 ölkədən 27 artistin iştirakı ilə təşkil edilən konsert proqramı tamaşaçıların rəğbəti və alqışları ilə qarşılanıb.

Əvvəlcə Nərminə Rəsulbəyova TÜRKSOY-un tarixi və 25 illik yubileyi barədə məlumat verib.

Sonra çıxış edən qurumun baş katibi Düsen Kaseinov TÜRKSOY-un üzv dövlətlərinin mədəniyyət nazirləri adından tamaşaçıları salamlayıb və kamera orkestri haqqında danışıb. O, UNESCO-nun rəhbərliyinə, Azərbaycanın, Türkiyənin və Qazaxıstanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinə təşəkkürünü bildirib. TÜRKSOY-un baş katibi dünyanın yaradıcı gənclərinin dostluğu sayəsində mədəniyyətlər və dinlər arasında dialoqu möhkəmlətmək məqsədi daşıyan belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, türk mənşəli xalqların musiqiçilərindən ibarət orkestr ümumi mədəniyyətimizin, adət-ənənələrimizin bütün dünyada tanıdılması istiqamətində vacib rol oynayır.

Diqqətə çatdırıb ki, TÜRKSOY yarandığı gündən UNESCO ilə mədəniyyət, maddi və qeyri-maddi mədəni irsin mühafizəsi sahələrində daim sıx əməkdaşlıq edir.

UNESCO-nun üzv dövlətlər və tərəfdaşlar bölməsinin direktoru Genc Seiti bildirib ki, mədəni irsin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi təşkilatın əsas məqsədidir. O, xalqların daha da yaxınlaşmasında mədəniyyətin rolundan danışıb. TÜRKSOY-un Gənclərdən Kamera Orkestrinin də milli ənənələrin gələcək nəsillərə ötürülməsində böyük rolu olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan olan gənc ifaçılardan ibarət Kamera Orkestrinin konserti olub. Azərbaycan Simfonik Orkestrinin dirijoru, TÜRKSOY Gənclər Kamera Orkestrinin qonaq-dirijoru Mustafa Mehmandarovun idarə etdiyi orkestrin konsertində türk dünyası klassiklərinin əsərləri səsləndirilib. Konsertdə azərbaycanlı Hüsenalıyev Hüseynalı (skripka) və Üzeyir Mahmudbəyli (viola) də iştirak ediblər. Nuriyyə Hüseynova “Yar bizə qonaq gələcək” folklor mahnısını ifa edib. Orkestr Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası səsləndirilib. Musiqilərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert çərçivəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi açılıb. Açılış mərasimində ölkəmizi UNESCO yanında daimi nümayəndəliyimizin müşaviri Ayaz Qocayev təmsil edib.

TÜRKSOY-un Gənclər Kamera Orkestrinin növbəti konsertləri müvafiq olaraq Avstriyada və Sloveniyada olacaqdır.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.