DÜNYA
ÜST: Afrikada koronavirus əleyhinə peyvənd istehsalı müəssisələri qurulacaq
Vyana, 22 iyun, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsinin peyvəndlə təminatında digər regionlardan asılılığının aradan qaldırılması üçün Cənubi Afrika Respublikasında peyvənd istehsalı müəssisələrinin qurulacağını elan edib.
AZƏRTAC xəbər verir ki, təşkilatın məlumatına görə, beynəlxalq konsorsiumlardan birinin dəstəyi ilə yaradılacaq mərkəzdə vektor texnologiyasına əsaslanan peyvəndlər istehsal ediləcək. Eyni zamanda qeyd edilib ki, istehsalatda çalışmaq üçün kadrların hazırlanması istiqamətində də addımlar atılır və həmin müəssisələrdə çalışacaq heyətə təlimlər keçiriləcək.
ÜST-nin baş direktoru Tedros Qebreyesus bildirib ki, Afrikada peyvənd istehsalına başlanması hazırda peyvənd dozalarına ən az çıxışı olan Afrika üçün olduqca mühüm müjdədir. Hazırda Afrikanın bir sıra regionlarında yoluxmaların dramatik şəkildə artması bu qitədə peyvənd təminatının arzuolunmaz səviyyədə olduğunu da nümayiş etdirir.
Qeyd edilib ki, Cənubi Afrika Respublikasında (CAR) planlaşdırılan mərkəzdə peyvənd istehsalı 9-12 ay sonra reallaşacaq. Həmin vaxta kimi müəssisənin qurulması ilə yanaşı bir sıra hüquqi suallara da aydınlıq gətirilməlidir. Hindistanla yanaşı CAR da peyvənd maddələri üzərindəki əqli mülkiyyət hüququnun ləğv edilməsini tələb edən ölkələr sırasında yer alır.