REGİONLAR
Ucarın çəltik sahələrindən bu günədək 365 ton məhsul yığılıb
Ucar, 11 oktyabr, AZƏRTAC
Ucar rayonunda çəltik biçini davam edir və indiyədək 365 ton məhsul yığılıb.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə bölgədə 669 hektarda çəltik yetişdirilib. Hələlik 170 hektarda biçin aparılıb. Rayonun bir sıra ərazilərində, o cümlədən Şahlıq, Bağman, Qazıqumlaq və digər ərazi vahidlərində torpaq sahibləri hər hektardan orta hesabla 25 sentner məhsul götürürlər.
Qeyd edək ki, Ucar Azərbaycanda çəltikçiliklə məşğul olan 12 rayondan biridir. Prezident İlham Əliyevin ötən ay sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr olunan müşavirədə qarşıya qoyduğu konkret vəzifələrin həyata keçirilməsi rayonda çəltikçiliyin inkişafına böyük təkan verib. Hazırda 10 inzibati ərazi vahidində çəltik əkilir. Gələn il əkin sahələrinin artacağı, azı 720 hektara çatdırılacağı gözlənilir.