MƏDƏNİYYƏT
Üç ayda Azərbaycana 117,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
Bakı, 20 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-mart aylarında Azərbaycana 128 ölkədən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmizə gələnlərin 33 faizi Rusiya Federasiyası, 27,9 faizi Türkiyə, 16,2 faizi İran, 10,6 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, 0,6 faizi Türkmənistan, hər birindən 0,5 faiz olmaqla İtaliya və Almaniya, 4,8 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 93,4 faizini kişilər, 6,6 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan 8,9 dəfə, Qazaxıstandan 7,7 dəfə, Özbəkistandan 5,2 dəfə, Rusiyadan 4,1 dəfə, Ukraynadan 3,7 dəfə, Böyük Britaniyadan 3,6 dəfə, Belarusdan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,6 dəfə azalıb. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 19,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 45,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,5 dəfə azalaraq 4,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,9 faizi dəmir yolu və avtomobil, 25,8 faizi hava, 3,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Keçən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 8,4 dəfə azalaraq 111,1 min nəfər olub. Ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,0 faizi digər ölkələrə səfər edib. Gedənlərin 75 faizini kişilər, 25 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 dəfə, Gürcüstana gedənlərin sayı 27,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 8,7 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,8 dəfə azalıb.
Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 25,8 faizi dəmir yolu və avtomobil, 6,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.