SİYASƏT
Ukrayna Azərbaycanlıları Konqresi Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını qətiyyətlə pisləmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Fransa parlamentinin aşağı palatasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qəbul edilmiş qanun layihəsini qətiyyətlə pisləmişdir.
Diasporla İş üzrə Dövləti Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, UAK-ın Fransanın Ukraynadakı səfirinə ünvanlandığı etiraz müraciətində bu cür ədalətsiz qanunun qəbul edilməsinin arxasında siyasi motivlərin dayandığı qeyd olunmuşdur. “Fransa dövlətinin başçısı qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olduğundan sərəncamındakı inzibati resurslardan istifadə edərək erməni seçicilərin səslərini qazanmağa çalışır”, - deyə müraciətdə vurğulanmışdır.
Müraciətdə Fransa Milli Assambleyasının qərarının söz azadlığını məhdudlaşdırdığı, İnsan Haqları Bəyannaməsini, insan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasını pozduğu qeyd olunmuşdur.
UAK müraciətin sonunda Fransanın Ukraynadakı səfirindən Milli Assambleyanın qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qəbul olunmuş qanun layihəsini qətiyyətlə pislədiklərini Fransa rəhbərliyinin diqqətinə çatdırılmasını xahiş etmişlər.