CƏMİYYƏT
Ukraynada görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş elmi kitablar seriyası nəşr olunub
Kiyev, 25 sentyabr, AZƏRTAC
Kiyevdə Ukraynanın və Avropa İttifaqının (Aİ) elm, təhsil və tibb sahəsində qanunvericiliyinin uyğunlaşdırılmasına həsr edilmiş seminar keçirilib. Seminarda “Cərrahi müdaxilə sahəsində infeksiyaların profilaktikası”, “Hospital epidemiologiyasında statistika”, “Hospital epidemiologiyası terminlərinin təyini” və “Sterilləşdirmə standartları” seriyalarından kitablar təqdim olunub.
Sübutedici təbabət prinsiplərinə əsaslanan və Avropa İttifaqının tələblərinə uyğun olan bu kitablar Azərbaycan xalqının şanlı qızı, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilib.
Kitablar seriyasının müəllifi bizim həmyerlimiz, Ukraynada fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının (DTMTA) mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi, Ukrayna Milli antimikrob rezistentlik (UCAST) və infeksion nəzarət (UCIC) komitəsinin başçısı, tibb elmləri doktoru, professor Aydın Salmanovdur.
Mühüm elmi-praktik informasiyanın toplandığı bu kitablar səhiyyə təşkilatçıları, müxtəlif ixtisaslı həkimlər, həmçinin tibbi profilli ali məktəblərin alimləri, müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
Vurğulayaq ki, professor A.Salmanov 270 elmi əsərin, o cümlədən 29 kitabın müəllifidir, onlardan 23-ü dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanin nurlu xatirəsinə həsr edilib.
Professor A.Salmanov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, seminar Ukrayna-Aİ assosiasiyana dair sazişin reallaşdırılması və Ukrayna səhiyyə sistemində beynəlxalq standartların tətbiqi çərçivəsində keçirilib.
Tədbirin təşkilatçıları qismində Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz, Ümumukrayna antimikrob rezistentlik (UCAST) və infeksion nəzarət (UCIC) assosiasiyası çıxış edib.
Seminarda Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Milli Tibbi Elmləri Akademiyasının, ali təhsil müəssisələrinin nümayəndələri, aparıcı alimlər və Ukrayna səhiyyəsinin təşkilatçıları iştirak edirdi.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev