MƏDƏNİYYƏT
“Ulduz döyüşləri” filminin kosmik qırıcı təyyarəsi milyonlarla ABŞ dollarına satılıb
Bakı, 28 iyun, AZƏRTAC
“Ulduz döyüşləri: Epizod 4 - Yeni ümid” elmi fantastik filmində istifadə edilən X-Wing kosmik qırıcı təyyarə modeli “Prop Store Auction” hərracında 2,3 milyon ABŞ dollarına satılıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Industrial Light & Magic” tərəfindən hazırlanan kosmik təyyarənin miniatür modeli 500 min dollardan başlamaqla 1 milyon dollar civarında qiymətləndirilib. Hərracda ciddi rəqabət olduğu üçün yekun qiymət xeyli yüksəlib.
Hərraca çıxarılan təyyarə modeli olduqca nadirdir, çünki təyyarələrin əksəriyyəti filmin döyüş səhnələrinin çəkilişi zamanı pirotexniki vasitələrlə məhv edilib.
Qeyd edək ki, 1977-ci ildə kütləvi nümayişə buraxılan “Ulduz döyüşləri: Epizod 4 - Yeni ümid” filminin süjeti respublikanın geri qaytarılmasını istəyən üsyançılarla imperiya tərəfdarları arasındakı qarşıdurmadan bəhs edir. Rejissoru Corc Lukas olan həmin film cəmi 11 milyon dollarlıq büdcə ilə öz dövründə 775 milyon dollar gəlir əldə edib.