REGİONLAR
Ulu Öndər Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaradıb
Ucar, 11 dekabr, AZƏRTAC
Ucarda rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Xatirələr qanadında” adlı tematik tədbir keçirilib.
Heydər Əliyev Mərkəzinin iclas zalında təşkil olunan tədbirdə ziyalılar, gənclər, ictimaiyyətin fəal nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider, böyük şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tədbiri açaraq, Ulu Öndərin öz xalqı qarşısındakı böyük xidmətlərindən danışıb. Vurğulayıb ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bütün bu illər ərzində Azərbaycanı tarixin ağır və sərt sınaqlarından çıxarıb, onun işıqlı sabahının etibarlı bünövrəsini yaradıb.
İcra hakimiyyətinin başçısı çıxışında vurğulayıb ki, Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaradıb. Ulu Öndər 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərib: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiqləyib. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və inamla onun arxasınca gedir.
Sonra şəhər 5 saylı tam orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunan kompozisiya ilə çıxış ediblər.