CƏMİYYƏT
Ülvi Mehdiyev: Türkiyədə yaşayan azərbaycanlılara “ASAN” xidmətlərin göstərilməsi üçün səyyar xidmət avtomobilimizi Samsuna gətirdik VİDEO
İstanbul, 30 avqust, AZƏRTAC
“ASAN xidmət” öz stendi ilə Türkiyə tərəfinin rəsmi dəvəti əsasında Samsunda keçirilən “TEKNOFEST”də iştirak edir. Eyni zamanda, “TEKNOFEST” çərçivəsində biz ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyədə yaşayan azərbaycanlılara “ASAN” xidmətlərin göstərilməsi üçün bura səyyar xidmət avtomobilimizi gətirdik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə keçirilən “TEKNOFEST-2022 Qara Dəniz”də iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Samsuna səfər etmədən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Türkiyədə yaşayan azərbaycanlıların daha çox ehtiyac duyduqları xidmətlərlə bağlı sorğu keçirildiyini bildirən agentliyin sədri deyib: “Bu sorğuya əsasən, ehtiyac duyulan xidmətləri səyyar şəkildə təşkil etdik. Artıq hər gün üçün 200-ə yaxın müraciət alırıq. Bu, ilk gündür və artıq yüzdən çox xidmət üçün müraciət var. Təkcə Samsunda deyil, Türkiyənin digər bölgələrində yaşayan Azərbaycan vətəndaşları burada səyyar xidmət ala biləcəklər.
Türkiyədə yaşayan azərbaycanlıların ehtiyac duyduğu xidmətlərə - şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətləri, notarial xidmət və digərləri aiddir”.
İstanbul