ELM VƏ TƏHSİL
“Ümumi yerşünaslıq” dərs vəsaitinin təqdimatı olub
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Ümumi yerşünaslıq” nəşrinin (rus dilində) təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Coğrafiya İnstitutunun geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazərin müəllifi olduğu kitabın baş elmi redaktoru akademik Akif Əlizadə, elmi redaktoru isə akademik Ramiz Məmmədovdur.
Yeni nəşrin əhəmiyyətindən danışan akademik Ramiz Məmmədov bu kitabın Azərbaycanda pedaqoji təhsil sahəsində coğrafiya ixtisası üzrə rus dilində ilk dərs vəsaiti olduğunu bildirib. Diqqətə çatdırılıb ki, “Ümumi yerşünaslıq” kitabı fiziki coğrafiya fənni üzrə ali məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulur. Şəkil, cədvəl və xəritələrin əks olunduğu dərs vəsaiti 426 səhifədən, 6 hissədən və 20 fəsildən ibarətdir. Dərslikdə ümumi yerşünaslığın obyekti və vəzifələri nəzərdən keçirilir, Yer kürəsinin quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə - geosferin xüsusiyyətləri haqqında məlumat verilir. Yeni nəşrdə Günəş sisteminin yaranması, litosfer, Yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, atmosfer, hidrosfer, biosfer, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında məlumatlar yer alıb.
Dərs vəsaiti ali məktəblərin coğrafiya fakültəsində təhsil alan tələbə və doktorantlar, müəllimlər, eləcə də xüsusi ixtisas təhsili olmayan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Sonda kitabın müəllifi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.