REGİONLAR
Uşaqlar gəzməli-görməli yerlərlə tanış olub, “Saat Meydanı”nda əyləniblər
Naxçıvan, 5 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar üçün yay tətilinin maraqlı keçirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə muxtar respublikanın gəzməli-görməli yerlərinə, tarixi abidələrinə, muzeylərə ekskursiyalar təşkil edilir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, növbəti belə tədbir Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik və istirahət mərkəzində təşkil olunub. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş, həmçinin şəhid övladlarından ibarət 38 uşaq iştirak edib.
Uşaqlar əvvəlcə şəhər gəzintisinə çıxarılıblar. Daha sonra “Saat Meydanı” turistik və istirahət mərkəzində animasiya cizgi filmi nümayiş etdirilib. Nahar yeməyindən sonra əyləncəli oyunlar keçirilib.